MİLLİ MƏCLİSDƏ XOCALI SOYQIRIMINA DAİR İCTİMAİ MÜZAKİRƏ
Fevralın 17-də Azərbaycan parlamentində “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” mövzusunda ictimai müzakirə keçirildi. Tədbirdə Milli Məclisin üzvləri, alimlər, dövlət orqanlarının və QHT-lərin təmsilçiləri, KİV nümayəndələri iştirak edirdilər. İctimai müzakirədə Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olundu.
Milli Məclisin Sədri Oqtay Əsədovun adından iştirakçıları salamlayan Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Xocalı soyqırımından bəhs etdi. Ötən 24 ildə bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışdı. Dedi ki, 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş soyqırımı hadisəsi insanlığa qarşı dəhşətli cinayətdir. İnsanlığa sığmayan o müdhiş faciəni yaşayan Azərbaycan xalqı, ölkə rəhbərliyi, parlament, vətəndaş cəmiyyətinin üzvləri həm Dağlıq Qarabağ probleminin mahiyyətini, həm də Xocalı soyqırımına dair həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ardıcıl fəaliyyət göstərdilər.
Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə ilk dəfə bu faciəyə dövlət səviyyəsində qiymət verildi və Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədildiyi barədə məlumat beynəlxalq tribunalarda səsləndi. Azərbaycan Prezidenti İlham Əliyevin dövründə həmin siyasət daha geniş miqyasda həyata keçirildi. Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da öz bəhrəsini verdi. İndi müntəzəm surətdə şahidi oluruq ki, bir sıra xarici ölkələrdə Xocalı soyqırımının tanınmasına dair müxtəlif sənədlər qəbul edilir, ildönümləri ərəfəsində yalnız ölkə daxilində deyil, həm də xaricdə çoxsaylı tədbirlər, anma mərasimləri keçirilir. Mahiyyət etibarilə hərbi təcavüz, insanlığa qarşı cinayət və etnik təmizləmə olan Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəməyə cəlb olunması və ədalət qarşısında cavab verməsi üçün bundan sonra da hamımız birlikdə əlimizdən gələni əsirgəməməliyik.
Bahar Muradova bildirdi ki, bugünkü ictimai müzakirədən məqsəd Xocalı soyqırımı ilə əlaqədar hüquq-mühafizə orqanları, parlament və vətəndaş cəmiyyəti qarşısında duran vəzifələrin müəyyənləşdirilməsidir.
Sonra Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov çıxış etdi. Xocalı soyqırımının erməni millətçilərinin son 200 ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin məntiqi nəticəsi olduğunu vurğuladı. Beynəlxalq hüquq müstəvisində “soyqırımı” ifadəsinin bir termin və hüquqi konsepsiya olaraq işlənmə tarixindən ətraflı söhbət açdı, bu anlayışın şərhini verdi. Bildirildi ki, 9 dekabr 1948-ci ildə soyqırımı cinayətlərinin qarşısının alınması və cinayətkarların cəzalandırılması haqqında Konvensiya qəbul edilib, indiyədək 147 dövlət bu beynəlxalq müqavilənin iştirakçısıdır. Azərbaycan həmin sənədi 1996-cı ilin 31 mayında ratifikasiya edibdir.
İctimai müzakirədə Azərbaycan Hərbi Prokurorluğunun şöbə rəisi Rauf Məmmədov, Prezident Administrasiyasının sektor müdiri Çingiz Əsgərov, Xarici İşlər Nazirliyinin nümayəndəsi Tofiq Musayev, QHT təmsilçilərindən Sahib Məmmədov, Əvəz Həsənov, Umud Rəhimoğlu, Faiq İsmayılov Xocalı soyqırımı ilə bağlı görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar. Tədbirə dəvət olunmuş alimlərdən hüquq elmləri doktoru, professor Əmir Əliyev və siyasi elmlər doktoru Elçin Əhmədov fikirlərini bildirdilər. Deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Elman Nəsirov, Hikmət Məmmədov, Vüsal Hüseynov, Gövhər Baxşəliyeva, Tahir Kərimli, Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Əflatun Amaşov və başqaları Milli Məclisin xətti ilə görülmüş işləri xatırlatmaqla yanaşı, Xocalı soyqırımına beynəlxalq səviyyədə ədalətli qiymət verilməsi və cinayətkarların məsuliyyətə cəlb olunması üçün görülməli olan işlərdən danışdılar, təkliflərini verdilər. .
Səmərəli fikir mübadiləsi şəraitində keçən ictimai müzakirədə bir sıra diqqətəlayiq təkliflər səsləndi.
Tədbiri yekunlaşdıran Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev ictimai müzakirəni yüksək dəyərləndirdi. Azərbaycan parlamentinin Xocalı soyqırımı ilə bağlı mühüm işlər gördüyünü vurğuladı. Bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və erməni təbliğatının beynəlxalq miqyasda ifşası istiqamətində qarşımızda duran işləri qeyd etdi. Xatırlatdı ki, iki il sonra 1918-ci ilin mart ayında erməni daşnakların Bakıda törətdikləri soyqırımının 100 illiyi tamam olacaq. Bu həqiqəti də dünya ictimaiyyətinin nəzərinə çatdırmaq vacibdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ən böyük abidə isə işğal altında olan torpaqlarımızın, Dağlıq Qarabağın Azərbaycana qaytarılması olmalıdır. Biz bütün qüvvəmizi bu istiqamətdə səfərbər etməliyik.
Tədbirdə Milli Məclisin İnsan hüquqları komitəsi yanında Xocalı soyqırımı ilə bağlı işçi qrupun yaradılması təklifi razılıqla qarşılandı.
Milli Məclisin
Mətbuat xidməti