MİLLİ MƏCLİSİN KOMİTƏ İCLASINDA 2016-cı İLİN DÖVLƏT BÜDCƏSİNƏ DƏYİŞİKLİKLƏRƏ BAXILDI

Komitə iclasları
19 fevral 2016 | 05:02   
Paylaşın:        

Fevralın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, Azərbaycan iqtisadi sahədə xeyli uğurlar əldə edib. Bu, dövlət səviyyəsində görülən işlərin nəticəsidir. Qeyd  edildi ki, son bir ildə dünya üzrə neftin qiymətinin 4 dəfə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Bununla belə, Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən “Azərbaycan Respublikasının 2016-cı ilin dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənəddir.
Qanun layihəsini maliyyə naziri Samir Şərifov təqdim etdi. O, qeyd etdi ki, sözügedən düzəlişlər dünyada baş verən iqtisadi proseslərlə bağlıdır. Təlatümlü vəziyyət enerji daşıyıcıları bazarında təklifin tələbi üstələməsi və iri dövlətlər tərəfindən neftə olan tələbatın xeyli azalması ilə əlaqədardır. Bu isə inkişafda olan neft ölkələri üçün təsirlərə  rəvac  verir. Bu səbəbdən, Azərbaycan iqtisadiyyatı üçün də yeni çağırışlar ortaya çıxıb. Şübhəsiz ki, mövcud reallıqlar ölkəmizə valyuta daxil olmasının kəskin azalması və tədiyyə balansının aşağı düşməsinə gətirib çıxarır. Bütün bu amillər dövlət büdcəsinə müəyyən düzəlişlər edilməsi zərurətini yaradır.
Yenidən baxılacaq 2016-cı il icmal büdcəsi üzrə əsas dəyişikliklər barədə danışan nazir bildirdi ki, 2016-cı il üçün icmal büdcənin gəlirləri 15738,6 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 milyon manat və ya 5,9 faiz azdır. Azalma əsasən, bir barrel xam neftin qiymətinin təsdiq edilmiş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi və bunun nəticəsində, Dövlət Neft Fondunun gəlirlərinin 3230,3 milyon manat azalması hesabınadır.
Samir Şərifov 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin strukturu və əsas mənbələri barədə də danışdı. Vurğuladı ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrinin hesablanmaları zamanı xam neftin satış qiymətinin bir barreli üçün 25 ABŞ dolları götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxil olmaların azalması ilə nəticələnib. Bildirildi ki, 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16822 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş variantı ilə müqayisədə 2256 milyon manat çoxdur. Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri isə 7597 milyon manat nəzərdə tutulur. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 milyon manat və ya 4,8 faiz  çoxdur.
Qeyd edildi ki, 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7010 milyon manat daxilolma nəzərdə tutulur. Bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408 milyon manat və ya 6,2 faiz çox, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə isə 108,3 milyon manat və ya 1,5 faiz azdır.
İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırdı ki, müəyyən sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1290 milyon manat vəsait nəzərdə tutulub. Bununla dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz artaraq 37,8 faiz təşkil edəcək. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu isə 1810 milyon manat təşkil edir ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 220 milyon manat çoxdur. Digər gəlirlər üzrə daxilolmalar isə 75 milyon manat proqnozlaşdırılır. Bu göstərici 2016-cı ilin təsdiq edilmiş proqnozuna nisbətən 13 milyon manat və ya 21 faiz çoxdur. Artıma səbəb ötən illərdə xarici valyuta ilə verilmiş kreditlər üzrə daxilolmaların manatın yeni məzənnəsi ilə hesablanmasıdır.
Sonra müzakirələrə başlanıldı.  Çıxış edən  Aqrar  siyasət  komitəsinin sədri Eldar  İbrahimov, millət  vəkilləri Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Əli Məsimli, İlham Əliyev, Mahir  Abbaszadə, Aydın Həsənov 2016-cı ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklərin mövcud qlobal iqtisadi gərginlikdən maksimum az zərərlə çıxmaq üçün çox əhəmiyyətli olduğunu  bildirdilər. İclasda sənədlə bağlı  təklif  və  fikirlər söylənildi. 
Sonra maliyyə  naziri  Samir  Şərifov  millət  vəkillərini maraqlandıran  suallara  aydınlıq  gətirdi, qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.


Milli Məclisin

Mətbuat  xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU