MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
19 fevral 2016 | 05:02   
Paylaşın:        

Fevralın 19-da Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. Komitənin sədri Rafael Hüseynov iclası açaraq dövlət tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan söhbət açdı. Sonra o, gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırdı.
Komitə sədri əvvəlcə 2015-ci ilin payız sessiyasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, komitə üç istiqamətdə fəaliyyət göstərib – müxtəlif qanunlara dəyişikliklərin edilməsi, yeni qanun layihələrinin hazırlanması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi. Qeyd edildi ki,  hesabat dövründə komitənin 4 iclası keçirilib, 11 məsələyə baxılıb. Komitə üzvləri “Kütləvi informasiya vasitələri haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Mədəniyyət haqqında” qanunlarda edilən dəyişiklikləri müzakirə ediblər, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” sənədə münasibət bildiriblər. Sessiya ərzində komitədə vətəndaşlardan, habelə idarə, müəssisə və təşkilatlardan daxil olan təklif, ərizə və şikayətlərə baxılıb, müraciətlər müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara göndərilib. Bu müddət ərzində komitə sədri tərəfindən 15 vətəndaş qəbul edilib.
Rafael Hüseynov açıqlamasında komitənin 2016-cı ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planına “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, habelə qanunvericilik təşəbbüsü qaydasında daxil olan digər  qanun layihələrinin daxil edildiyini söylədi.
İclasda “Kitabxana işi haqqında” qanuna  dəyişiklikilər edilməsi barədə məsələyə baxıldı. Təklif olunan dəyişikliklər barədə danışan komitə sədri bildirdi ki, sənəd ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub.  Qanunun 6-cı, 8-ci və 15-ci maddələrində işlənilən “Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası” ifadəsinə “Milli” sözü əlavə edilir. Dəyişiklik Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinə uyğunlaşdırma məqsədi daşıyır.
Sonra komitə sədri cari ildə müzakirəsi nəzərdə tutulan  “Kinematoqrafiya haqqında” qanun layihəsi ilə bağlı məlumat verdi.  Ölkəmizdə kinematoqrafiyanın tarixi, mövcud durumu barədə danışdı. O, bu sahənin daha səmərəli fəaliyyət göstərməsi üçün hazırlanmış yeni qanun layihəsi üzərində müvafiq işin aparılması üçün mütəxəssislərin də iştirakı ilə işçi qrupunun yaradılmasını məqsədəmüvafiq hesab etdi.
Rafael Hüseynov diqqətə çatdırdı ki, komitənin xətti ilə cari ilin mart ayında “Azərbaycan televiziya məkanında maarifləndirici, musiqili-bədii və əyləncəli verilişlər: proqram siyasətinin mövcud vəziyyəti, problemlər, vəzifələr” mövzusunda  müşavirənin keçirilməsi planlaşdırılır.
Müzakirələr zamanı komitə üzvləri Jalə Əliyeva, Novruzəli Aslanov, Aqil Abbas, Cavanşir Feyziyev, Ülviyyə Ağayeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova çıxış etdilər, gündəlikdəki məsələlər barədə fikirlərini səsləndirdilər, təkliflərini verdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU