ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
20 fevral 2016 | 02:02   
Paylaşın:        
Fevralın 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edildi.
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, manatın məzənnəsinin dollarla müqayisədə aşağı düşməsi və dünya bazarında neftin kəskin ucuzlaşması ilə əlaqədar dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2016-cı ilin dövlət büdcəsində dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisə qanun layihəsi göndərilib. Bu qanun layihələrinin mərkəzində, dünyada gedən iqtisadi proseslərə, ölkənin büdcə ehtiyatlarının məhdudluğuna baxmayaraq, Azərbaycan vətəndaşı, onun sosial müdafiəsi dayanır. Onun sözlərinə görə dövlət büdcəsinin yeni variantında sosial müdafiə, sosial təminat bölməsi üzrə xərclər 2 milyard 698.8 milyon manat təşkil edir. Əvvəlki ilə nisbətən bütövlükdə dövlət büdcəsinin xərcləri 13.7 faiz artırıldığı halda, bu sahə üzrə olan artım 42.3 faizdir. Bu o deməkdir ki, sosial müdafiə yenə də dövlətimizin prioritet məsələsidir.
Çıxış edən Maliyyə Nazirliyinin şöbə müdiri Xəqani Rzayev bildirdi  ki, 2016-cı ilin dövlət büdcəsinə təqdim olunan dəyişikliklərin əsas mahiyyəti qlobal iqtisadiyyatda baş verən gərginlikdən maksimum az itkiylə çıxmaq, iqtisadi  inkişafın azalma meyllərinin qarşısını almaq, makroiqtisadi sabitliyi qoruyub saxlamaq, manatın ucuzlaşması nəticəsində yaranan əlavə sosial öhdəlikləri və digər zəruri dövlət xərclərini maliyyələşdirmək üçün real maliyyə təminatı yaratmaqdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən pensiya və sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın, məcburi köçkünlərə verilən aylıq müavinətlərin, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının orta hesabla 10 faiz artırılması və digər sosial proqram və tədbirlər qanuna ediləcək dəyişikliklərin əsasını təşkil edir. Bununla yanaşı, xarici valyutada olan öhdəliklər, o cümlədən dövlət zəmanəti ilə xaricdən cəlb edilmiş kreditlər hesabına icra olunan investisiya layihələrində Azərbaycan tərəfinin pay iştirakı, müdafiə və təhlükəsizlik tədbirləri üzrə xüsusi dövlət alışları, xaricdəki səfirlik, konsulluq və digər diplomatik nümayəndəliklərin saxlanması, beynəlxalq təşkilatlara üzvlük haqqı və digər tədbirlər müzakirə edilən qanun layihəsində nəzərə alınıb.
Qeyd edildi ki, neftin qiymətinin kəskin aşağı enmə faktorları nəzərə alınaraq xam neftin bir barrel üçün müəyyən edilmiş satış qiyməti təsdiq olunmuş proqnoza nisbətən iki dəfə aşağı endirilərək 25 ABŞ dolları, manatın 1 ABŞ dollarına nisbətən məzənnəsi isə orta illik olaraq 1.62 AZN götürülüb. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılıb ki, bu da təsdiq olunmuş müvafiq göstərici ilə müqayisədə 2 milyard 256 milyon manat və ya 15.5  faiz çoxdur. Qanun layihəsində dövlət büdcəsinin xərclərinin isə 2 milyard 231 milyon manat artırılaraq 18 milyard 495 milyon manata  çatdırılması öz əksini tapıb.
Sonra Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov büdcə layihəsi barədə fikirlərini bildirdi. Qeyd etdi ki, Hesablama Palatasına daxil olan büdcə zərfindən də göründüyü kimi, 2016-cı ilin dövlət büdcəsində edilən dəyişikliklərin zərurəti dünya iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlıdır. Bu dəyişiklik Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Çünki Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatında baş verən ictimai-siyasi proseslərin tərkib hissəsidir.
İclasda  Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirdi ki, müzakirəyə təqdim edilən Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində fondun gəlir və xərcləri 3 milyard 307.4 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228.8 milyon manat və ya 7.4 faiz çoxdur. Gəlirlərin gözlənilən artımının 82.8 milyon manatının və ya 36.2 faizinin məcburi dövlət sosial sığorta aktları hesabına,  146 milyon manatı və ya 63.8 faizinin isə dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin edilməsi nəzərdə tutulur. 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3 milyard 239  milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7.6 faiz və ya 227.8 milyon manat artıqdır. Əmək pensiyaları ödənişi xərcləri 3 milyard 136.1 milyon manat olmaqla 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7.3 faiz və ya 212.5 milyon manat çoxdur. 
Sonra çıxış edən Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, İqtisadiyyat Nazirliyinin və müvafiq qurumların nümayəndələri, Milli Məclisin deputatları Musa Quliyev, İlham Məmmədov, Yaqub Mahmudov, Araz Əlizadə və Rauf Əliyev büdcə layihəsi barədə fikirlərini bildirdilər.
İclasın sonunda gündəlikdəki hər iki qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti   


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU