MİLLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
24 fevral 2016 | 11:02   
Paylaşın:        

 Fevralın 23-də Milli Məclisin növbəti plenar  iclası  keçirildi. İclası  açan parlamentin Sədri Oqtay Əsədov  gündəliyi  elan  etdi.
Əvvəlcə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə sənəd müzakirə edildi. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bildirdi  ki, ölkəmiz son on ildə sosial-iqtisadi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıb, regionda lider dövlətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı öz potensialını bir neçə dəfə artırıb, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Lakin son bir ildə dünyada neftin qiymətinin 4 dəfə aşağı düşməsi Azərbaycan iqtisadiyyatından da yan keçməyib. Baş verən proseslər ölkənin valyuta daxilolmalarının kəskin azalmasına səbəb olur.  Buna  baxmayaraq Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən 2016-cı ilin dövlət büdcəsi haqqında Qanuna dəyişikliklər edilməsi barədə sənəddir.
Maliyyə naziri Samir Şərifov qanun layihəsini təqdim etdi. Nazir 2016-cı il dövlət büdcəsinə edilən dəyikişiklərin əsas səbəbindən söz açdı. Bildirildi ki, son 18 ay ərzində dünya bazarında xam neftin və neft məhsullarının qiymətinin çox ucuzlaşması dövlət və icmal büdcələrinin gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb. Təsdiq olunmuş dövlət büdcəsi üçün neftin bir bareli üzrə qiyməti 50 ABŞ dolları götürülüb. Mövcud neft qiyməti ilə təsdiq olunmuş büdcədəki qiymət arasındakı əhəmiyyətli fərq Dövlət və İcmal büdcələrinin gəlirlərinin yenidən hesablanması zərurətini yaradıb. Azərbaycan manatının digər valyutalara nisbətən ucuzlaşması ölkə iqtisadiyyatında inflyasiya təzyiqlərini artırıb, idxal olunan bir çox məhsulların, o cümlədən bəzi gündəlik tələbat mallarının və ərzaq məhsullarının qiymətlərinin artmasını şərtləndirib.
Nazir  qeyd  etdi ki, 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16822 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2256 milyon manat və ya 15,5 faiz çoxdur. 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin hesablanmaları zamanı xam neftin satış qiymətinin bir bareli üçün 25 ABŞ dolları götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib. 2016-cı il dövlət büdcəsi gəlirlərinin 7615 milyon və ya 45,3 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 7010 milyon manatı və ya 41, 7 faizi Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1810 milyon manatı və ya 10,7 faizi  Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 387 milyon manatı və ya 2,3 faizi digər daxilolmaların hesabına düşür. Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7597 milyon manat və ya 45,2 faiz nəzərdə tutulur ki, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 821 milyon manat və ya 12,1 faiz çoxdur.
Samir  Şərifov onu da  vurğuladı ki,  2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7010 milyon manat daxilolma nəzərdə tutulur. Bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408 milyon manat və ya 6,2 faiz çoxdur, artım bütövlükdə qeyri-neft sektorundan daxilolmaların payına düşür.
Qanun layihəsində 2016-cı il dövlət büdcəsinin xərcləri 2 milyard 231 milyon manat artırılaraq 18 milyard 495 milyon manata çatdırılması öz əksini tapıb. Eyni zamanda, xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə xərclərin icmal büdcəyə daxil edilməsi və dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların saxlanıması üçün nəzərdə tutulmuş vəsaitə qənaət edilməsi hesabına dövlət büdcəsinin xərcləri 3922,2 milyon manat çoxdur.
2016-cı il dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərinin 65,5 faizini və ya 12 milyard 106 milyon manatını cari xərclər, (təsdiq olunmuş göstərici ilə müqayisədə bu 1 milyard 922 milyon manat çox deməkdir) 24,9 faizini və ya 4milyard 614 milyon manatını əsaslı xərclər, (təsdiq edilmiş göstərici ilə müqayisədə 4,5 faiz az deməkdir) 9,6 faizini və ya 1milyard 775 milyon manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcək.
İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırdı ki, müəyyən sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1290 milyon manat vəsait nəzərdə tutulub. Bununla dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz artaraq 37,8 faiz təşkil edəcək. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu isə 1810 milyon manat təşkil edir ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 220 milyon manat çoxdur. Digər gəlirlər üzrə daxilolmalar isə 75 milyon manat proqnozlaşdırılır. Bu göstərici 2016-cı ilin təsdiq edilmiş proqnozuna nisbətən 13 milyon manat çoxdur. Artıma səbəb ötən illərdə xarici valyuta ilə verilmiş kreditlər üzrə daxilolmaların manatın yeni məzənnəsi ilə hesablanmasıdır.
Sonra müzakirələrə başlanıldı.  Çıxış edən  Aqrar  siyasət  komitəsinin sədri Eldar  İbrahimov, millət  vəkilləri Siyavuş Novruzov, Əli Məsimli, Fərəc Quliyev, Fəzail Ağamalı, Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Musa Quliyev, Fazil Mustafa, Jalə Əliyeva, Elçin Quliyev, Qüdrət  Həsənquliyev, Fuad Muradov, Əflatun Amaşov 2016-cı ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklərin mövcud qlobal iqtisadi gərginlikdən maksimum az zərərlə çıxmaq üçün çox əhəmiyyətli olduğunu qeyd  etdilər, büdcə  layihəsi ilə  bağlı fikir və təkliflərini  bildirdilər.
Maliyyə  naziri Samir  Şərifov  sənədlə əlaqədar deputatları  maraqlandıran  məsələlərə münasibət  bildirdi.  Sənəd  səsə  qoyularaq  qəbul  edildi.
Sonra iclasda “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” sənəd  müzakirə olundu. Əmək  və sosial  siyasət  komitəsinin sədri Hadi Rəcəbli sənədi ətraflı şərh  etdi. Bildirildi ki, qlobal böhran tendensiyaları ölkələrin sosial-iqtisadi durumunda özünü göstərir. Komitə  sədri  bildirdi ki, təqdim olunan büdcə layihəsində mədaxil hissə 16 milyon 822 min manat, məxaric hissə isə 18 milyon 495 min manat müəyyən olunmuşdur. Bu göstərir ki, sosial müdafiə və təminat xərcləri büdcə cədvəlində  43 faizdən çox artmışdır. Qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan vəsaitlər də artım baxımından təqdirə layiqdir. İqtisadi təsnifat üzrə bölmədə təqaüdlərin və sosial müavinətlərin maliyyələşdirilməsi ilə bağlı xərclərin məbləği ilkin olaraq 1 762,9 milyon manat təsdiq edilmiş, yenidən baxılma prosesində isə 211,5 milyon manat artırılaraq 1 974,3 milyon manat nəzərdə tutulmuşdur. Bu, onu göstərir ki, gərgin kəsirli büdcə paketində belə ölkə başçısı Azərbaycan vətəndaşının sosial müdafiəsi önə çəkir.
Hadi Rəcəbli qeyd  etdi ki, ölkənin bütöv maliyyə qanunu toplumunun  böyük bir hissəsi də Dövlət Sosial Müdafiə Fondunun payına düşür. Məhz bu baxımdan bu büdcənin maddələrinə yenidən baxılması daha böyük həssaslıq və diqqət tələb edir. Fondun büdcəsinin artım hissəsi özünü əsasən əhaliyə əmək pensiyalarının ödənilməsində, məcburi sosial sığorta haqlarının hesablanmasında, uşaqlarla bağlı müavinətlərdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsi bəndlərində təsbit etmişdir.
Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev çıxış edərək “Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənədlə əlaqədar  məlumat verdi. Qeyd  olundu ki,  müzakirəyə təqdim edilən büdcə layihəsində fondun gəlir və xərcləri 3 milyard 307,4 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228,8 milyon manat və ya 7,4 faiz çoxdur. Gəlirlərin gözlənilən artımının 82,8 milyon manatının məcburi dövlət sosial sığorta aktları hesabına, 146 milyon manatı isə dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin edilməsi nəzərdə tutulur. 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,6 faiz və ya 227,8 milyon manat artıqdır. Əmək pensiyalarının ödənişi xərcləri 3 milyard 136,1 milyon manat olmaqla 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,3 faiz və ya 212,5 milyon manat çoxdur.
Çıxış  edən millət  vəkilləri sənədin əhalinin sosial cəhətdən daha az təminatlı hissəsinin tələblərinə adekvat olacağına  ümid  etdiklərini  bildirdilər,  sənəd  səsvermə  yolu ilə qəbul  edildi.
 İclasda “Polis haqqında  qanuna  dəyişikliklər  edilməsi  barədə  məsələyə baxıldı. Bununla  əlaqədar  məlumat  verən  Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin sədri  Əli Hüseynli  bildirdi ki,  dəyişiklik texniki  xarakterlidir. Belə ki, 2005-ci ildə qəbul  edilmiş “Daxili işlər  orqanlarında xidmətkeçmə haqqında” Əsasnamədə  “mükəlləfiyyət qeydiyyatı” ifadəsi “qeydiyyat”  sözü  ilə əvəzlənib  və bu da “Polis  haqqında”  qanunda  öz əksini tapır.  Sənəd  səsə  qoyularaq  qəbul  edildi.
Sonra  iclasda Milli Məclis  Sədrinin birinci müavini Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasına üzv təyin edilməsi məsələsi müzakirə olundu. Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin  edilməsi barədə  qərar qəbul olundu.
İclasda “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna Azərbaycan Prezidentinin etirazı müzakirə olundu.  Bununla  əlaqədar  Milli Məclisin İqtisadi  siyasət, sənaye  və sahibkarlıq  komitəsinin sədri Ziyad  Səmədzadə  məlumat  verdi. O, qeyd  etdi ki, “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli qanun Azərbaycan Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə qaytarılıb. Ziyad  Səmədzadə komitənin iclasında bu məsələyə baxıldığını, dövlət başçısının  sözügedən qanuna etirazının əsaslı olduğunu, dəyişikliklərin məqsədəuyğun olmaması barədə qərara gəlindiyini vurğuladı. Millət  vəkilləri  ölkə  Prezidentinin etirazını dəstəklədilər və bu barədə Milli Məclisin müvafiq  qərarı  qəbul olundu.
Bununla  da  Milli Məclis  bugünkü iclası öz işini başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat  xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU