Hasan SUBAŞI: “HƏR ZAMAN CAN AZƏRBAYCANIN YANINDAYIQ.”
Fevralın 25-də Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycan Skautlar Assosiasiyasının və Türkiyə İzçilik Federasiyasının nümayəndələri ilə görüşdü.
Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıtdırılması və qəbul etdirilməsi vacibliyindən söz açan komitə sədri bu soyqırımına dair konkret faktları diqqətə çatdırdı. Günahkarların cəzalandırılmasına nail olmaq üçün faciədən ötən 24 il ərzində ölkəmizdə və beynəlxalq miqyasda dövlət səviyyəsində həyata keçirilmiş tədbirlərdən danışdı. Son illər Xocalı soyqırımını tanıyan ölkələr barədə məlumat verdi. Bu istiqamətdə birgə təbliğatımızın gücləndirilməsi zərurətinə toxundu.
Görüşdə skaut hərəkatının meydana gəlməsi tarixindən də bəhs olundu. Azərbaycanla Türkiyənin analoji qurumları arasında əməkdaşlıq sazişi olduğu bildirildi. Qeyd edildi ki, hazırda dünyanın 165 ölkəsində bu hərəkat fəaliyyətdədir.
Türkiyə İzçilik Federasiyasının başqanı Hasan Subaşı vurğuladı ki, Xocalı soyqırımı ermənilərin vaxtilə Ərzurum və Anadoluda həyata keçirdikləri soyqırımının davamıdır. Hər iki halda günahsız insanlar türk olduqları üçün ermənilər tərəfindən qətlə yetiriliblər. Biz hər zaman can Azərbaycanın yanındayıq, hər cür zülmə qarşıyıq. Hazırda Türkiyədə 145 min skaut – izçi var, onlar hamısı Xocalı soyqırımının tanıdılması istiqamətində əllərindən gələni etməyə hazırdırlar. Hasan Subaşı arzuladı ki, Xocalı soyqırımının 25-ci ildönümünədək Azərbaycan torpaqları işğaldan azad olunsun və növbəti anma mərasimləri Dağlıq Qarabağda, Xocalıda keçirilsin.
Sonra Azərbaycan Skautlar Assosiasiyasının sədri İlyas İsmayıllı Xocalıya ədalətə nail olunması istiqamətində həyata keçirdikləri işlərdən danışdı.
Görüşdə hər iki qurumun nümayəndələri ilə səmərəli fikir mübadiləsi aparıldı.
Milli Məclisin
Mətbuat xidməti