MİLLİ MƏCLİSİN KOMİTƏ İCLASINDA

Komitə iclasları
02 mart 2016 | 06:03   
Paylaşın:        

Martın 2-də  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə gündəliyə təqdim olunan “Lisenziyalar və icazələr haqqında”  qanun  layihəsi  barədə ətraflı məlumat verdi. O, son illərdə ölkəmizin davamlı inkişafını təmin etmək üçün nəzərdə tutulmuş strateji proqramların uğurla həyata keçirilməsindən,  bu istiqamətdə yerinə yetirilən kompleks tədbirlərdən söz açdı. Komitə sədri sənədin sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, maneələrin aradan qaldırılması, yeni təsərrüfat subyektlərinin yaradılması istiqamətində əhəmiyyətli nəticələr verəcəyini vurğuladı.
Parlamentdə ikinci oxunuşda  qəbulundan  sonra  qanun layihəsi  üzərində aparılan yeniliklərlə bağlı danışan Milli Məclis Aparatının İqtisadi  qanunvericilik  şöbəsinin müdiri  Rauf  Hacıyev bildirdi ki,  sənəddə lisenziya  verilməsi  qaydaları  daha  da  sadələşdirilib.  Bundan əlavə elektron lisenziya  portalının  yaradılması şərtləri  qanuna əlavə edilib. Sənədə  əsasən  lisenziyalar  üçün  müraciət elektron formada təqdim ediləcək. Hər bir sahibkar portala daxil olub, öz şəxsi kabinetini yaradib, kod aça bilər və sonrakı əməliyyatlarda  bu kod açar rolunu oynayacaq. O, sənəddə yabanı bitkilərin toplanması üçün  lisenziya  tələbinin   aradan  qaldırıldığını da  diqqətə çatdırdı. 
Toplantıda  iştirak  edən İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov sahibkarlıq subyektlərinə lisenziya və icazələrin verilməsi prosedurunun sadələşdirilməsi, qaydaların təkmilləşdirilməsi məqsədilə hazırlanan sənədin əhəmiyyətindən danışdı. O, qanun layihəsinin hazırlanmasında beynəlxalq təcrübədın istifadə olunduğunu vurğulayaraq bildirdi ki, lisenziya və icazənin verilməsində, yenidən rəsmiləşdirilməsində, fəaliyyətinin dayandırılmasında, bərpasında və ya ləğvində susmaqla razılıq prinsipi tətbiq olunacaq. Bildirildi ki,  sənəddə  lisenziya və icazəyə tələb olunan fəaliyyət növlərinin müəyyən edilməsi meyarları göstərilib.
Çıxış edən millət  vəkilləri  Ağalar Vəliyev, Vahid  Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, İlham Əliyev, Şəmsədddin  Hacıyev, Tahir  Mirkişili qeyd etdilər ki, sənəd  iqtisadiyyatın liberallaşması  sahəsində müsbət  rol oynayacaq. 
Ətraflı  müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.


Milli Məclisin
Mətbuat  xidməti

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU