GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINDA

Martın 3-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirildi.
Komitə sədri Fuad Muradov müzakirəyə təqdim edilən “Bədən tərbiyəsi və idman haqqında” qanuna edilən dəyişiklikləri ətraflı şərh etdi. Bildirildi ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olan sənəddə iki əsas dəyişiklik nəzərdə tutulub. Belə ki, sənədə əsasən ölkədə idman mərc oyunlarına nəzarət funksiyası yeni yaradılmış “Maliyyə Bazarlarına Nəzarət Palatası” publik hüquqi şəxsə verilir. Dəyişikliyə əsasən, Qanun layihəsinin 53-cü maddəsindəki “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəzlənir.
Sənəddə əksini tapan digər bir dəyişikliyə əsasən idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir.
Çıxış edən millət vəkilləri Adil Əliyev, Rauf Əliyev, Şahin İsmayılov, Naqif Həmzəyev sənədin əhəmiyyətindən, ölkədə kütləvi idmanın geniş vüsət almasından danışdılar, bu sahəni əhatə edən mövcud qanunvericilikdə müəyyən boşluqların olmasından, qanundan kənar mərc oyunlarına qadağalar tətbiq edilməsinin zəruriliyindən söhbət açdılar.
Ətraflı müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti