KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

Komitə iclasları
03 mart 2016 | 04:03   
Paylaşın:        

Martın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclası açaraq bu ilin fevral ayının 3-də ölkə Prezidentinin imzaladığı “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” fərmanın əhəmiyyəti barədə danışdı. Bildirildi ki, Palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə yaradılıb. Qeyd olundu ki, Fərmandan irəli gələn vəzifələrə əsasən, yeni Palatanın yaradılması ilə bağlı bir sıra qanunlara dəyişikliklər günün tələbidir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış İşçi qrupunun rəhbəri Rüfət Aslanlı qanun layihələri barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, dəyişikliklər müxtəlif funksional xarakter daşıyır. Məruzəçi bank sistemində hazırki vəziyyət, maliyyə bazarının durumu, yaranmış problemlər, onların həlli istiqamətində atılan addımlar, bu sahədə dünya ölkələrinin təcrübəsi barədə söhbət açdı. Mərkəzi Bank və yeni Palatanın iş bölgüsü məsələsinə toxundu. Palatanın strukturu, fəaliyyət dairəsi barədə danışdı.  
İclasda Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatlar haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında” qanunların yuxarıda göstərilən məsələlərlə əlaqədar  uyğunlaşdırılması ilə bağlı təklif olunan  dəyişikliklər barədə izahat verildi. “İcbarı sığortalar haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Lotereyalar haqqında”, “Valyuta tənzimi haqqında” qanunlara edilən müvafiq dəyişikliklər diqqətə çatdırıldı.
İclasda iştirak edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklər barədə açıqlama verdi. Bildirildi ki, qanuna 1.2-ci maddə əlavə edilir. Əlavəyə əsasən, dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına dövlət müəssisə və təşkilatları, nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Qeyd olundu ki, bu düzəliş ölkədə istehsal olunan məhsulların satınalmasına, bu sahədə şəffaflığın, hesabatlılığın, açıq rəqabətin təmin edilməsinə, habelə yeni iş yerlərinin yaranmasına şərait yaradacaq.
Müzakirəyə çıxarılan digər məsələ - “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” yeni qanun layihəsi barədə deputat Ağalar Vəliyev məlumat verdi.  Bildirildi ki, qanun körpü və tunellərin, su anbarlarının, suvarma sistemlərinin, xəbər və konfrans mərkəzlərinin, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, kommersiya məqsədli binaların, sənaye, texnologiya, aqroparkların, xüsusi iqtisadi zonaların və digər infrastruktur layihələrin “Tik, idarə et, təhvil ver” (TİT)  modelinə uyğun maliyyələşmə əsasında tikintisinə, idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin xətti ilə müzakirəyə təqdim olunan məsələlərə baxıldı. İclasda Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, habelə “Publik hüquqi şəxslər haqqında”, “Normativ hüquqi aktlar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara nəzərdə tutulan dəyişikliklərin əhəmiyyəti qeyd olundu.
Millət vəkilləri Vahid Əhmədov, Fəzail Ağamalı, Əli Məsimli, İlham Əliyev, Çingiz Qənizadə, Vüsal Hüseynov, Şəmsəddin Hacıyev, Rüfət Quliyev, Mahir Abbaszadə, Tahir Mirkişili, Aydın Hüseynov  qanun  layihələri barədə fikirlərini açıqladılar, rəy və təkliflərini verdilər.
Sonda müzakirəyə çıxarılmış qanun layihələri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU