SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
03 mart 2016 | 06:03   
Paylaşın:        
Martın 3-də Milli Məclisin Səhiyyə Komitəsinin növbəti iclası keçirildi. İclası açan komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəliyə 7 məsələ daxil edilmişdir.
Komitə sədri məlumat verdi ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə məcəlləyə yeni maddə əlavə edilir. Həmin maddədə ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada göstərilməməsinə görə 500 manat məbləğində cərimə müəyyən edilir.
“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda isə tibbi sığortaya aid “məcburi” sözü “icbari” sözü ilə əvəz olunur.
“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanunun 9-cu maddəsinə təklif olunan dəyişikliyə görə isə vərəm əleyhinə tibb müəssisələrində işləyən həkimlər, mütəxəssislər və işçilər əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta ediləcəklər.
“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Qanunda ediləcək dəyişikliyə görə isə, öz xidməti vəzifələrini yerinə yetirərkən İİV-ə yoluxma riskinə görə tibb işçiləri dövlət hesabına icbari sığorta olunacaqlar. 
Komitə sədri Əhliman Əmiraslanov diqqətə çatdırdı ki, “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi təklif olunur. Çünki artıq bu məsələ başqa bir qanunda öz əksini tapmışdır.
İclasda komitə üzvləri “Tibbi sığorta haqqında” Qanuna da  dəyişiklik edilməsinə müsbət münasibət bildirdilər. Belə ki, qanunun 6-cı maddəsinin 9-cu abzasında sığortalının özünün könüllü  sığorta olunması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına məlumat vermək vəzifəsi nəzərdə tutulmuşdu. Hazırda bu məsələ elektron qaydada həyata keçirildiyinə görə bu abzas ləğv olunur.
Müzakirələr zamanı çıxış edən komitə üzvləri Musa Quliyev, Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, İlham Məmmədov, Rəşad Mahmudov, Kamilə Əliyeva və Kəmaləddin  Qafarov qanunlara təklif olunan dəyişiklikləri yüksək qiymətləndirdilər.
İclasın sonunda gündəlikdəki 7 məsələnin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.


Milli Məclisin
Mətbuat xidməti 
  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU