MİLLİ MƏCLİSİN İCLASINDA
Martın 4-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəlikdəki ilk 24 məsələ ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarla əlaqədardır.
Qeyd etdi ki, Prezident İlham Əliyev bu il fevral ayının 3-də “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” Fərman imzalamışdır. Qanunlara ediləcək bu dəyişikliklər həmin palatanın fəaliyyətə başlamasını təmin etmək üçündür.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iqtisadi islahatları əhatə edən qanun layihələri zərfinə daxil olan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa təklif olunan dəyişiklikləri təqdim etdi. Bildirdi ki, bu, Konstitusiya qanunu olduğuna görə 6 aydan sonra ikinci dəfə səsverməyə çıxarılacaqdır. Sənəd səsə qoyularaq qəbul edildi.
Deputatlar Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, habelə “Publik hüquqi şəxslər haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara nəzərdə tutulan dəyişiklikləri də qəbul etdilər. Bildirildi ki, bu dəyişikliklər Prezidentin məlum Fərmanı ilə əlaqədar olaraq qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır.
Təklif olunan dəyişikliklər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.
Sonra çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə yaradılıb. Qeyd olundu ki, Fərmandan irəli gələn vəzifələrə əsasən, yeni Palatanın yaradılması ilə bağlı bir sıra qanunlara dəyişikliklər günün tələbidir.
Komitə sədri Vergi Məcəlləsinə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatlar haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında” qanunlara yuxarıda göstərilən məsələlərlə əlaqədar təklif olunan dəyişikliklər barədə izahat verdi. “İcbarı sığortalar haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Lotereyalar haqqında”, “Valyuta tənzimi haqqında” qanunlara ediləcək müvafiq dəyişikliklər də diqqətə çatdırıldı.
Sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış işçi qrupunun rəhbəri Rüfət Aslanlı qanun layihələri barədə ətraflı məlumat verdi. Bildirdi ki, dəyişikliklər müxtəlif funksional xarakter daşıyır. Məruzəçi bank sistemində hazırki vəziyyət, maliyyə bazarının durumu, yaranmış problemlər, onların həlli istiqamətində atılan addımlar, bu sahədə dünya ölkələrinin təcrübəsi barədə məlumat verdi. Mərkəzi Bank və yeni Palatanın iş bölgüsü məsələsinə toxundu. Palatanın strukturu, fəaliyyət dairəsi barədə danışdı. Diqqətə çatdırdı ki, yeni yaradılmış palata mütəmadi olaraq öz fəaliyyəti ilə bağlı dövlət başçısına məlumat verəcəkdir.
Millət vəkilləri yuxarıda göstərilən qanunlara təklif olunan dəyişikliklərin əhəmiyyətini nəzərə alaraq onları ayrı-ayrılıqda səsə qoyaraq təsdiqlədilər.
"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədi daşıyır. Millət vəkilləri bu qanun layihəsini də təsdiqlədilər.
Sonra deputatlar “Tibbi sığorta haqqında” Qanuna da dəyişiklik edilməsinə müsbət münasibət bildirdilər. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov diqqətə çatdırdı ki, qanunun 6-cı maddəsinin 9-cu abzasında sığortalının özünün könüllü sığorta olunması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına məlumat vermək vəzifəsi nəzərdə tutulmuşdu. Hazırda bu məsələ elektron qaydada həyata keçirildiyinə görə bu abzas ləğv olunur.
"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verdi. Bildirdi ki, sənəddə iki əsas dəyişiklik nəzərdə tutulub. Belə ki, sənədə əsasən ölkədə idman mərc oyunlarına nəzarət funksiyası yeni yaradılmış “Maliyyə Bazarlarına Nəzarət Palatası” publik hüquqi şəxsə verilir. Dəyişikliyə əsasən, Qanun layihəsinin 53-cü maddəsindəki “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəzlənir.
Sənəddə əksini tapan digər bir dəyişikliyə əsasən idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir.
Bu dəyişiklik də səsə qoyularaq qəbul edildi. Bununla da iqtisadi islahatlarla bağlı 24 qanundan ibarət zərfə daxil olan sənədlər qəbul edildi.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklər barədə açıqlama verdi. Bildirildi ki, qanuna 1.2-ci maddə əlavə edilir. Əlavəyə əsasən, dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına dövlət müəssisə və təşkilatları, nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada satın alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçiriləcək. Qeyd olundu ki, bu düzəliş ölkədə istehsal olunan məhsulların satınalmasına, bu sahədə şəffaflığın, hesabatlılığın, açıq rəqabətin təmin edilməsinə, habelə yeni iş yerlərinin yaranmasına şərait yaradacaq. Qanun layihəsi səsə qoyularaq təsdiqləndi.
Müzakirəyə çıxarılan digər məsələ - “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” yeni qanun layihəsi barədə də komitə sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirildi ki, qanun layihəsi Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Qanun layihəsində körpü və tunellərin, su anbarlarının, suvarma sistemlərinin, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, kommersiya məqsədli binaların, sənaye, texnologiya, aqroparkların, xüsusi iqtisadi zonaların və digər infrastrukturların “Tik, idarə et, təhvil ver” (TİT) modelinə uyğun maliyyələşmə əsasında tikintisinə, idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir.
Müzakirələr zamanı çıxış edən Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlar Kamran Nəbizadə, Səyavuş Novruzov, Fərəc Quliyev, Əli Məsimli, Fuad Muradov, Hüseynbala Mirələmov, Sona Əliyeva bu qanun layihəsini yüksək qiymətləndirdilər.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edildi.
Sonra deputatlar Müseyib Abbas oğlu Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsinə, İslam Əli oğlu Əliyevin isə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsinə razılıq verdilər.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi barədə məsələyə də baxıldı. Milli Məclisin 81 ölkənin parlamenti ilə işçi qruplarının rəhbərləri seçildi.
"Azərbaycan Respublikası Milli Məclisinin 2016-il üçün xərclər smetası haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il 20 oktyabr tarixli Qərarında dəyişikliklər edilməsi barədə parlamentin işlər müdiri Firudin Hacıyev məlumat verdi. Bildirdi ki, Milli Məclisin 2016-cı il üçün xərclərinə qənaət edilərək xərclər smetası 551 min manat azaldılır.
Həmçinin məlumat verildi ki, "Azərbaycan Respublikası Hesablama Palatasının 2016-ci il üçün xərclər smetası haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il 20 oktyabr tarixli Qərarında da dəyişikliklər edilərək Hesablama Palatasının da xərcləri azaldılır. Hər iki qanun səsə qoyularaq qəbul edildi.
Sonra deputatlar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul olunmuş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 104-VQD nömrəli Qanuna Azərbaycan Respublikası Prezidentinin etirazını məqsədəuyğun hesab edərək qəbul etdilər.
İclasda bir sıra beynəlxalq sənədlər də təsdiqləndi. Belə ki, "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası"na və "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş"ə qoşulmaq barədə, "Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri"nin təsdiq edilməsi haqqında, Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında, Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə qoşulmaq haqqında, "Poçt ödəniş xidmətləri haqqında" Sazişə qoşulmaq barədə qanun layihələri də qəbul olundu.
Millət vəkilləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Kitabxana işi haqqında" qanunlara da uyğunlaşdırma və redaktə xarakterli dəyişikliklər etdilər.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti