AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
04 mart 2016 | 06:03   
Paylaşın:        

Martın 4-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. İclasda “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə müzakirə olundu.
Komitə sədri Eldar İbrahimov bildirdi ki, sənəd ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub. Qanuna təklif olunan dəyişikliklər yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına müvafiq səlahiyyətlərin verilməsi ilə əlaqədardır.
Qanun layihəsi barədə parlament Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Vilayət Əlizadə məlumat verdi. Qeyd olundu ki, qanunun 4-cü bəndinə təklif olunan əlavəyə əsasən, kənd təsərrüfatında əmlakın sığortasının həyata keçirilməsi, eyni zamanda, maliyyə bazarlarına nəzarət orqanına da şamil edilir.
Bununla yanaşı, qanunun “Hər bir sığorta hadisəsi üzrə sığorta haqqının hesablanması üçün istifadə olunan tarif müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş maksimum sığorta tarifindən çox ola bilməz” məzmunlu 6.2-ci müddəasının ləğvi nəzərdə tutulub. Habelə, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması sahəsində dövlətin vəzifələri” adlanan 8-ci maddənin 8.1.2-ci bəndi ləğv edilir və burada qeyd olunan “sığorta tariflərinin maksimum həddini müəyyən etmək” səlahiyyəti Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə olunur. Məqsəd sığorta tariflərinin tənzimlənməsi işində sistemliyi və operativliyi təmin etməkdir.
Tədbirdə çıxış edən deputatlar Eldar Quliyev, Elçin Quliyev, Novruzəli Aslanov, Hüseynbala Mirələmov, Cavanşir Paşazadə, Aydın Hüseynov təklif olunan dəyişikliklərin aqrar sahənin inkişafı baxımından  əhəmiyyətli olduğunu söylədilər, kənd təsərrüfatında çalışan insanların maraqlarına xidmət edəcəyini bildirdilər.
Ətraflı müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU