HÜQUQ SİYASƏT VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
12 aprel 2012 | 06:04   
Paylaşın:        

Aprelin 10-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi.
Komitə sədri Əli Hüseynli gündəlikdəki məsələlərlə iclas iştirakçılarını tanış etdi. Əvvəlcə “ Siyasi partiyalar haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklər müzakirə olundu. Komitə sədri  bildirdi ki, hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul edilmişdir. Lakin indi bu qanun günün tələblərinə tam cavab vermir. Müzakirəyə təqdim olunan sənəd mütəxəssislərin və siyasi partiyaların nümayəndələrinin iştirakı ilə hazırlanıb.
Layihənin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov dedi ki, qanuna təklif olunan dəyişikliklər Azərbaycanda həyata keçirilən hüquqi, siyasi islahatların tərkib hissəsidir. Azərbaycan dövləti siyasi partiyalara göstərdiyi dəstək siyasətini daha da genişləndirir. Bu dəyişikliklər siyasi partiyaların fəaliyyətinin səmərələliyinin artmasına, bəzi amillərdən asılılığın azalmasına səbəb olacaqdır. Sonra o layihədəki bəzi maddələrlə bağlı rəy və təkliflərini bildirdi.
İclasda qeyd olundu ki, qanuna təklif olunan əsas dəyişikliklərdən biri onların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlıdır. Layihədə deyilir ki, siyasi partiyalar dövlət büdcəsindən maliyyələşəcəklər. Lakin bu dəyişiklik bütün siyasi partiyalara şamil edilməyəcək. Belə ki, siyasi partiyaların seçkilər zamanı yığdıqları səslər və deputat mandatlarının sayından asılı olaraq dövlət büdcəsindən maliyyə ala biləcəklər.
Siyasi partiyalar Milli Məslisə keçirilmiş son seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak etdikdə, vəsait müəyyən olunan qaydada hər bir siyasi partiyaya ayrıca verilir. Siyasi partiyalar hər il aprelin 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına illik maliyyə hesabatları təqdim edəcəklər. Üzvlük haqqı ödəyən partiya üzvlərinin sayı da maliyyə hesabatında göstərilməlidir. Partiyalar vəsaitdən imtina etdikdə məbləğ dövlət büdcəsinə qaytarılır.
 Başqa bir dəyişikliyə görə, siyasi partiyaların ianə qəbul etmək hüququ vardır. Lakin onların ayrı-ayrı dövlət, bələdiyyə orqanları, xarici dövlət və xarici hüquqi şəxs, əcnəbi və vətəndaşlığı olmayan şəxs, yetkinlik yaşına çatmayan, hərbi hissə, ictimai birlik, fond, dini qurum və hüquqi şəxs tərəfindən maliyyələşdirilməsi, ianələr qəbul etməsi qadağandır. O da bildirildi ki, siyasi partiya yaratmaq üçün ən azı 5000 imza toplanmalıdır.
İclasda qeyd olundu ki, qanuna edilən dəyişikliklər, siyasi partiyalar qarşısında müəyyən vəzifələr qoyur. Belə ki, siyasi partiyaların fəaliyyətinin formaları barədə maddədə qeyd edilir ki, partiyalar vətəndaşlar arasında maarifləndirmə işi aparmalıdırlar.
Parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri İqbal Ağazadə(Ümid), Qüdrət Həsənquliyev(Bütöv Azərbaycan Xalq Cəbhəsi), İlyas İsmayılov(Ədalət), Xanhüseyn Kazımlı(Azərbaycan Sosial Rifah), Fərəc Quliyev(Milli Dircəliş Hərəkatı), Asim Mollazadə(Azərbaycan Demokratik İslahatlar), Zahid Oruc(Ana Vətən), Sabir Rüstəmxanlı(Vətəndaş Həmrəyliyi) və digərləri layihə ilə bağlı çıxış edərək öz fikirlərini bölüşdülər.
Sonra gündəlikdəki digər məsələlər “İnformasiya əldə etmək haqqında” qanunda və Cəzaların İcrası Məsələsində dəyişikliklər edilməsi barədə məlumat verildi. Qeyd edildi ki təklif olunan düzəlişlər bu sənədlərin ombudsman haqqında  qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
Daha sonra Seçki məcəlləsinə dəyişikliklər edilməsi barədə sənəd təqdim olundu. Bildirildi ki, bu düzəlişlər redaktə xarakteri daşıyır.
Mülki və İnzibati xətalar məcəllələrinə ediləcək dəyişikliklər bu sənədləri “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” qanununa uyğunlaşdırmaq məqsədi ilə təklif olunub.
Sonda müzakirə olunan sənədlər yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyə olundu.


Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU