MİLLİ MƏCLİSDƏ HÖKUMƏTİN HESABATI DİNLƏNİLDİ
Martın 15-də Milli Məclisin növbəti plenar iclasını açan Spiker Oqtay Əsədovun təklifinə əsasən, öncə qardaş Türkiyənin paytaxtı Ankarada törədilmiş terror aktı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Deputatlar hadisə zamanı yaralananlara şəfa dilədilər.
Sonra 3 məsələdən ibarət gündəlik təsdiqləndi.
Milli Məclisin Sədri bildirdi ki, bu gün yaz sessiyasının beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək. Qeyd edək ki, hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanılmışdı.
Hesabat barədə danışan Spiker Oqtay Əsədov qeyd etdi ki, təqdim olunmuş hesabatdan da göründüyü kimi, ötən il dünya iqtisadiyyatında mənfi meyllər daha da güclənmiş, iqtisadi fəallıq xeyli zəifləmişdir. Təbiidir ki, dünyada baş verən tendensiya Azərbaycandan da yan keçməmişdir. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət dünya iqtisadiyyatında yaranmış vəziyyətin Azərbaycan iqtisadiyyatına az təsir etməsinə gətirib çıxarmışdır.
Hesab edirəm ki, Ümumi Daxili Məhsulun 1,1 faizlə ifadə olunan artımı indiki şəraitdə məqbul sayıla bilər. Onu da nəzərə almalıyıq ki, artım bütövlüklə qeyri-neft sektorunun payına düşür, xüsusən qeyri-neft sənayesinin inkişafı hesabına baş vermişdir.
Sədr diqqətə çatdırdı ki, həmişə olduğu kimi, 2015-ci ildə də Azərbaycan investisiya qoyuluşları üçün cəlbedici olmuşdur. İl ərzində ölkədə sosial-iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsinə 16 milyard manata yaxın sərmayə qoyulmuşdur. Bu vəsaitin 56 faizi daxili maliyyələşmə mənbələri hesabına təmin edilmişdir. Ötən il ölkənin neft sektoruna 7,1 milyard manat, qeyri-neft sektoruna isə 8,8 milyard manat investisiya yönəldilmişdir. Bu, qeyri-neft sektorunda sahibkarlığın inkişafı üçün də əlverişli şərait yaratmışdır.
Bildirildi ki, 2015-ci ildə Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət dövriyyəsi həyata keçirmişdir. Ticarət dövriyyəsinin 47 faizi və ixracın 60 faizi Avropa İttifaqı ölkələrinin payına düşür.
Oqtay Əsədov vurğuladı ki, Nazirlər Kabinetinin illik hesabatının parlamentdə dinlənilməsi dövlət hakimiyyəti orqanları arasında əlaqələrin güclənməsinə, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasına və həllinə öz köməkliyini, dəstəyini verir. Ötən il hesabatın müzakirəsi zamanı millət vəkillərinin verdiyi təkliflər hökumət tərəfindən diqqətlə araşdırılmış, həmin təkliflərin bir çoxu hökumətin özünün gələcək işində əməli məsələlər kimi qiymətləndirilmiş və hesabatda əksini tapmışdır.
Milli Məclisin Sədri çıxışını yekunlaşdırandan sonra məruzə üçün söz Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadəyə verildi.
Öncə 2015-ci il parlament seçkilərinə toxunan Baş nazir vurğuladı ki, demokratik və ədalətli keçirilən parlament seçkiləri ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin xalq tərəfindən dəstəkləndiyini bir daha təsdiq etdi. Artur Rasizadə V çağırış Milli Məclisin üzvlərinə təbriklərini çatdırdı.
Sonra Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edən Baş nazir bildirdi ki, ötən il yüksək səviyyədə və uğurla təşkil edilmiş I Avropa Oyunları ilə yadda qalacaqdır. Bu hadisə Azərbaycanın artan potensialını nümayiş etdirdi.
Hesabat ilində əsas makroiqtisadi göstəricilərdən söz açan Artur Rasizadə onu da bildirdi ki, ötən il qeyri-neft sənayesində artımın 10 faiz təşkil etməsi diqqətəlayiq haldır. Əsas kapitala yönəldilmiş 16 milyard manat vəsaitin 55 faizdən çoxu qeyri-neft sənayesinin payına düşmüşdür. Orta aylıq əmək haqqı 5 faiz, əhalinin gəlirləri 5,7 faiz artmış, illik inflyasiya 4 faiz təşkil etmişdir. Maliyyə və pul sektorundakı çətinliklərə baxmayaraq, inflyasiyanın təkrəqəmli səviyyədə saxlanması təmin edilmişdir. Lakin 2015-ci ildə ölkəyə valyuta daxilolmalarının əhəmiyyətli dərəcədə azalması sayəsində manatın devalvasiyası qaçılmaz olmuşdur. Keçən il dövlət büdcəsi gəlirlərinin icra səviyyəsi bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının və mühüm layihələrin tam həcmdə maliyyələşdirilməsinə imkan vermişdir.
Deputatların nəzərinə çatdırıldı ki, hesabat ilində əhalinin aztəminatlı təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilmişdir. Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği artırılmış və ümumilikdə bu məqsədə 197 milyon manatdan çox vəsait xərclənmişdir. Əmək pensiyalarının orta aylıq artımı 2,4 faiz təşkil etmişdir. Güzəştli kateqoriyadan olan imtiyazlı şəxslərə 427 mənzil və ya fərdi ev verilmiş, 400 nəfər dövlət hesabına minik avtomobili ilə təmin edilmişdir. 15 min məcburi köçkün yeni mənzilə köçürülmüşdür. Ümumilikdə, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 430 milyon manat vəsait xərclənmişdir. Regionların sosial-iqtisadi inkişafı üzrə 3-cü Dövlət Proqramının icrasına il ərzində 3,6 milyard manat vəsait yönəldilmişdir.
Nazirlər Kabinetinin hesabatına görə, ötən il iqtisadiyyatın qeyri-neft sektorunda 37,7 milyard manatlıq əlavə dəyər istehsal olunub ki, onun ÜDM-də xüsusi çəkisi 2014-cü illə müqayisədə 8 faiz bəndi artaraq 69,3 faizə yüksəlib. ÜDM-in 33,93 faizi sənayedə, 12,14 faizi tikintidə, 10 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,23 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,71 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,99 faizi informasiya və rabitə sahələrində, 19,31 faizi isə digər sahələrdə istehsal edilib.
2015-ci ildə qeyri-neft sənayesində 7 milyard 625,1 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 8,4 faiz çoxdur. Ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 milyard 957 milyon manat, xarici müəssisə və təşkilatlar tərəfindən isə 7 milyard 20,1 milyon manat vəsait yönəldilib. Sosial yönümlü layihələrə 625,3 milyon manat vəsait ayrılıb.
2015-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən 5,7 faiz artaraq 41,7 milyard manata çatıb. Nəfər başına düşən gəlirin həcmi orta hesabla 4 min 380 manat olub və ya ayda 365 manat təşkil edərək 4,5 faiz artıb. İnşaat sektorunda işçilərin orta aylıq əmək haqqı 2014-cü ilə nisbətən 9,5 faiz artaraq 686,4 manata çatıb. Ölkə üzrə muzdla çalışanların orta aylığı da 5 faiz artaraq 466,4 manat olub.
Ötən il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 20 milyon manat artaraq 2 milyard 914,3 milyon manat təşkil edib. Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin əvvəlinə nisbətən 1,5 faiz artaraq 176 manata çatıb, yaşa görə əmək pensiyası isə 196,1 manat olub.
Əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilib. İl ərzində 115 min 900 iş yeri yaradılıb ki, onlardan 91 min 100-ü daimi iş yeridir. Ölkə əhalisinin 4,8 faizinə və ya 463 min 932 nəfərə aylıq və birdəfəlik müavinət ödənilib.
Nazirlər Kabinetinin hesabatında bildirildiyi kimi, “Doinq business 2016” hesabatı üzrə Azərbaycan 189 ölkə arasında 63-cü yerdə qərarlaşıb və 5 göstərici üzrə “ilk 40”-lığa daxil olub. “Biznesin başlamaq” göstəricisi üzrə Azərbaycan 7-ci yerdədir. “Qlobal rəqabət qabiliyyətliliyi 2015-2016” hesabatı üzrə isə Azərbaycan 140 ölkə arasında 40-cı yerdədir. Artıq 7-ci ildir ki, Azərbaycan MDB ölkələri arasında 1-cidir.
Parlamentdəki çıxışında Baş nazir sahibkarlığın inkişafı, kənd təsərrüfatının prioritet istiqamətləri, neft-qaz sənayesində, həmçinin nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələr, hələ də həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ordumuzun müdafiə qabiliyyətinin artması, hərbi-sənaye kompleksimizin nailiyyətləri və digər mühüm sahələr barədə də məlumat verdi.
Qeyd etdi ki, neftin qiymətinin kəskin aşağı düşməsi və dövlətlər arasında müşahidə olunan geosiyasi qarşıdurmalar beynəlxalq aləmdə qeyri-stabil durum yaradıb. Belə bir vaxtda ölkə iqtisadiyyatının inkişafının təmin edilməsi və əsas makroiqtisadi göstəricilər üzrə uğurlara nail olunması o qədər də asan deyildir. Şübhəsiz, əldə olunmuş nailiyyətlər təməli əvvəlki illərdə qoyulmuş maliyyə-iqtisadi potensialın və düşünülmüş iqtisadi siyasətin sayəsində mümkün olub.
Hesabatını yekunlaşdıran Baş nazir vurğuladı ki, bu gün dünyada gedən qlobal proseslər nəzərə alınmaqla dövlət orqanlarındakı bütün sağlam qüvvələrin yeganə məqsədi ölkədə mövcud olan ictimai-siyasi sabitliyin qorunması, iqtisadi inkişafın davam etdirilməsi, xalqın rifahının yüksəldilməsi və ölkənin ərazi bütövlüyünün bərpasıdır. Əminik ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə biz bu məqsədə çatacağıq.
Məruzədən sonra parlamentdə hesabat ətrafında geniş müzakirələr aparıldı. Millət vəkilləri görülmüş işləri yüksək dəyərləndirdilər, qeyd və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırdılar. Əminlik ifadə olundu ki, dünyada baş verən qlobal miqyaslı hadisələrə və təzyiqlərə baxmayaraq Azərbaycanın tərəqqisi davam edəcək. Milli Məclis Sədrinin müavini Bahar Muradova öz çıxışında vurğuladı ki, hökumətin fəaliyyətində insan amilinə xüsusi diqqət yetirilib.
Fikir mübadiləsindən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyuldu və nəzərə alındı.
İclasda “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Bildirildi ki, deputatların təklifləri nəzərə alınıb, layihədə 32 sahə üzrə 78 istiqamətdə lisenziya verilməsi nəzərdə tutulub. Qanun qəbul olundu.
İş gününün yekununda ikinci oxunuşa təqdim olunmuş “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsi şərh edildi. Layihə əsas kimi qəbul olundu və müzakirəyə başlandı. Deputatların rəy və təklifləri dinlənildi. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov fikirlərini bildirdikdən sonra qanun layihəsi öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyuldu, ikinci oxunuşda qəbul edildikdən sonra kifayət qədər mükəmməl hazırlandığı üçün üçüncü oxunuşda da səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti