MİLLİ MƏCLİSİN KOMİTƏ İCLASINDA

Komitə iclasları
18 mart 2016 | 10:03   
Paylaşın:        

Martın 17-də  Milli Məclisin  Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin  növbəti  iclası  keçirildi.
Əvvəlcə  iclasda  “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi müzakirə olundu. Qanunvericilik təşəbbüsü subyekti kimi sənədi hazırlayaraq  komitəyə  təqdim edən  deputat Rafael Cəbrayılov qanun layihəsi barədə məlumat  verdi. Sözügedən layihənin çox əhəmiyyətli olduğunu qeyd  edən millət  vəkili  bildirdi ki, burada əsasən Konstitusiya Məhkəməsinə yeni səlahiyyətlər verilməsi  nəzərdə  tutulur. Belə ki, Konstitusiya Məhkəməsi Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilə əsasında insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın Azərbaycan barəsində qəbul etdiyi qərarların Azərbaycan Konstitusiyasına uyğunluğu baxımından icrasının mümkünlüyü məsələsini həll edəcək.
Qeyd  edildi ki,  qanunvericilik  prinsiplərinə əsasən  bu qanun layihəsi  63  deputatın  razılığı  olandan  sonra  Milli Məclisin plenar iclasına  tövsiyə  edilə bilər.  Müzakirələr  zamanı bildirildi ki,  belə bir  sənədin  olması  insan  hüquqları  sahəsində  Azərbaycana  qarşı mövcud  olan  ikili  standartların  qarşısını  alacaq.
Sonra “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsinə baxıldı. Bildirildi ki, layihədə, 81 adda güclü təsir edən maddələr və onların külli miqdarının, 52 adda zəhərli maddələrin siyahısı göstərilib. Qeyd  olundu ki, sənəd  üzərində iş  davam  etdirilir. bu sahədə yerli mütəxəssislərin  təkliflərinə baxılır, eləcə də beynəlxalq təcrübə öyrənilir.
İclasda “İnzibati icraat haqqında” qanunda, eləcə də Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələrinə də baxıldı. Qanunvericilik bazasının uyğunlaşdırılması baxımından təklif olunan redaktə və texniki xarakterli düzəlişlər komitə üzvləri tərəfindən qəbul edildi.
Məsələlərin hər biri ayrılıqda Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU