MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
18 mart 2016 | 05:03   
Paylaşın:        

Martın 18-də  Milli Məclisin növbəti  plenar iclası  keçirildi. Sədr Oqtay Əsədov  iclası  açaraq  Novruz  Bayramı  ərəfəsində 148 məhkumun əfv edilməsi ilə bağlı  sərəncam  imzaladığına   görə  ölkə  Prezidentinə  minnətdarlığını  bildirdi.  Bunu 148 ailəyə sonsuz bayram sevincinin bəxş olunması kimi qiymətləndirən spikerin sözləri millət  vəkilləri  tərəfindən alqışlarla  qarşılandı.
Gündəliyin  təsdiqindən  dərhal  qanun  layihələrinin   müzakirəsinə başlanıldı.
Əvvəlcə  gündəlikdə  duran  “Nüvə materialının fiziki mühafizəsi  haqqında” Konvensiyaya Düzəlişin  təsdiq  edilməsi  barədə qanun  layihəsi haqqında Milli Məclis  Sədrinin birinci  müavini, Müdafiə,  təhlükəsizlik və korrupsiya ilə mübarizə  komitəsinin sədri Ziyafət Əsgərov ətraflı məlumat verdi.  Bildirildi ki, Konvensiya 1979-cu il oktyabrın 26-da qəbul edilib. Azərbaycan həmin Konvensiyaya 2003-cu ilin dekabrında qoşulub. 2005-ci ildə isə Konvensiyaya düzəlişlər qəbul edilib. Düzəlişlərə uyğun olaraq Konvensiyanın preampulası dəyişdirilib. Bu preampulada göstərilir ki, dəyişikliyin əsas məqsədi nüvə materiallarının, nüvə qurğularının daşınması, saxlanması və təhlükəsizliyi, onun mühafizə olunmasını daha da möhkəmləndirməkdən ibarətdir. Eyni zamanda, burada dövlətlərin məsuliyyətini müəyyən edən prinsiplər  müəyyən olunur. Düzəlişlərdə fövqəladə hallar zamanı nüvə materialları ilə necə rəftar edilməsi və digər məsələlər də ətraflı şərh olunur.
Çıxış  edən millət  vəkilləri Bəxtiyar Əliyev, Azay Quliyev, Xanhüseyn Kazımlı, Elman Nəsirov, Sədaqət  Vəliyeva, Hikmət  Məmmədov, Fərəc Quliyev, Tahir  Kərimli, Elman Məmmədov, Astan Şahverdiyev sənədin  əhəmiyyətindən  danışdılar,  bütün düzəlişlərin ölkəmizin milli maraqlarına tam uyğun olduğunu  vurğuladılar.  Sənəd  səs  çoxluğu  ilə qəbul  edildi.
Sonra  Cinayət  Məcəlləsinə dəyişiklik  edilməsi  ilə bağlı  məsələni Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin  sədri Əli Hüseynli  təqdim etdi. O,  qeyd  etdi ki,  nəzərdə  tutulan  dəyişiklik aksiz  markası ilə markalanmalı olan  məhsulları nağd  qaydada  xeyli miqdarda  satma,  habelə bu cür məhsulları  satış məqsədləri  üçün nağd şəkildə  alma,  pivənin və tütünün pərakəndə  satışı istisna  edilməklə  Cinayət  Məcəlləsində  təsbit  edilməsi  məqsədi  daşıyır.  Sənəd  səsə  qoyularaq  qəbul  edildi.
“Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsi barədə də Əli Hüseynli məlumat verdi. Azərbaycan  qanunvericiliyində narkotik  vasitələrin və psixotrop maddələrin siyahısı  mövcud  olsa da, güclü  təsir  edən və ya zəhərli  maddələrin  siyahısı  mövcud  deyildi. Bununla  əlaqədar  Prezident İlham Əliyevin müvafiq  fərmanı ilə işçi  qrupu  yaradıldı.  Səhiyyə  Nazirliyinin və Milli Elmlər  Akademiyasının  əməkdaşlarının iştirakı ilə yaradılan işçi  qrupu tərəfindən artıq  bu  siyahı  hazırlanıb. Bildirildi ki, layihədə, 81 adda güclü təsir edən maddələr və onların külli miqdarının, 52 adda zəhərli maddələrin siyahısı göstərilib.
İclasdakı  sonuncu məsələ  - Cinayət  Məcəlləsinə edilən  dəyişiklik də   güclü  təsir  edən və zəhərli maddələrin  satış məqsədi ilə qanunsuz  dövriyyəsinə aid idi. Qeyd  olundu ki,  Məcəllədə   narkotik  vasitələrə  və psixotrop  maddələrə  aid  olmayan  güclü  təsir  edən və  zəhərli  maddələri  satış məqsədi ilə  qanunsuz  hazırlama,  emal etmə,  əldə etmə,  saxlama, daşıma  və ya  göndərmə, habelə bu maddələri  hazırlamaq və  emal  etmək üçün avadanlığı qanunsuz  satmağa  görə məsuliyyət  nəzərdə  tutulur. Bildirildi ki, dəyişikliklər qanunvericiliyin  bu  sahəsində  mövcud  boşluğu aradan  qaldıracaq.  Sənədlər  ayrı-ayrılıqda  səsə  qoyularaq  qəbul  edildi.
Bununla  da  Milli Məclis  bugünkü  işini  başa  çatdırdı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU