SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
28 mart 2016 | 05:03   
Paylaşın:        

Martın 29-da Milli Məclisdə səhiyyə komitəsinin iclası oldu. Öncə komitənin sədri Əhliman Əmiraslanov gündəlikdəki qanun layihələri barədə məlumat verdi.
Sonra iclasda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin əməkdaşları Kəmalə Qəmərli və Məhəmməd Bazıqov qanun layihələrini şərh etdilər. Bildirildi ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 28-ci maddəsinə təklif edilən dəyişiklik Mülki Prosessual Məcəlləyə uyğun olaraq vətəndaşın razılığı tələb olunmadan ona tibbi yardım göstərilməsi məsələsini tənzimləyəcək. Bu qayda əsasən narkomanlara tətbiq olunacaq. Belə ki, cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş şəxs əgər öz davranış və hərəkətləri ilə yaxın qohumlarına dəfələrlə maddi və mənəvi zərər yetiribsə, uşaqların tərbiyəsinə mənfi təsir göstəribsə, ətrafındakıların hüquqlarını pozubsa, o halda narkomanlığa düçar olmuş həmin şəxsin könüllü müalicədən imtina etməsinə baxmayaraq, uyğun psixiatriya stasionarına qeyri-könüllü yerləşdiriləcək.
“Psixiatriya yardımı haqqında” qanunda edilən dəyişiklik isə Cinayət-Prosessual Məcəlləsindəki dəyişikliklə əlaqədar olub, qanunvericiliyin uyğunlaşdırılması məqsədini daşıyır. Qanunun 29.3-cü maddəsinə görə, psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər görülmüş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi  haqqında məhkəmənin qərarı əsasında çıxarılır. 
İclasda komitə sədrinin müavini Musa Quliyev, deputat İlham Məmmədov, Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova qanun layihələri barədə rəylərini bildirdilər. Həyatın tələbindən irəli gələn dəyişikliklərin milli qanunvericilik bazamızı daha da gücləndirdiyi vurğulandı.  Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin qanunvericilik fəaliyyəti barədə məlumat verdi. Cəmiyyətdə böyük tələbat duyulan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin xeyli təkmilləşdirildiyini və artıq dörd qurumdan sənədə dair müsbət rəylər alındığını bildirdi. Yaxın zamanlarda layihənin müzakirəyə çıxarılacağını qeyd etdi. Komitə sədri onu da nəzərə çatdırdı ki, müasir dövrdə mühüm əhəmiyyət kəsb edən “Psixoloji yardım haqqında” qanun üzərində də iş gedir, layihənin hazırlanmasına mütəxəssislər cəlb olunubdur.


 Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU