AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Martın 30-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi.
Komitə sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə Torpaq Məcəlləsinə edilən dəyişiklik daxil edilib. Qeyd olundu ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilib. Layihə torpaq qanunvericiliyini təkmilləşdirmək, bu sahədə qanun pozuntularına görə cəzaları sərtləşdirmək məqsədilə hazırlanıb.
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini - Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə dəyişikliyi ətraflı şərh etdi. Qeyd olundu ki, hələ də ölkəmizdə torpaqların qanunsuz zəbt edilməsi, qeyri-qanuni yollarla kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsi hallarına rast gəlinir. Ona görə də Torpaq Məcəlləsinin 110-cu - “Bu Məcəllənin pozulmasına görə məsuliyyət” adlı maddəsi aşağıdakı redaksiyada təklif olunur: “Bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.” Qanun layihəsinin “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 30 sentyabr tarixli 1336-İVQD nömrəli qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2015-ci il 23 noyabr tarixli 1557 nömrəli sərəncamının müvafiq bəndinin icrası ilə əlaqədar hazırlandığı da vurğulandı.
Çıxış edən millət vəkilləri Eldar Quliyev, Tahir Süleymanov, Hüseynbala Mirələmov, Novruzəli Aslanov, Aydın Hüseynov, İqbal Məmmədov bu sahədə qanun pozuntularının aradan qaldırılması istiqamətində sənədin əhəmiyyətli olacağını bildirdilər.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti