ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
30 mart 2016 | 06:03   
Paylaşın:        

Martın 30-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. İclasda ilk olaraq “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələyə baxıldı.
Komitə sədri Hadi Rəcəbli öz çıxışında söylədi ki, “Sosial sığorta haqqında” qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci bəndinə “Qeyd” hissəsi əlavə edilir. Sözü gedən hissədə deyilir ki, məcburi dövlət sosial sığorta haqqı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün  torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının torpaqların müxtəlif keyfiyyət qrupları üzrə müvafiq faizi miqdarında ödənilir. Bura əlavə olunan “Qeyd” hissəsində isə bildirilir ki,  bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür. Bu dəyişiklik “Sosial sığorta haqqında” qanunda əmək qabiliyyətli şəxslərlə əlaqədar dəqiqləşdirmənin aparılması məqsədilə hazırlanmışdır. Komitə üzvləri qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə etdilər.
Sonra iclasda “Turizm haqqında” yeni qanun layihəsinin ilkin müzakirəsi  keçirildi. Komitə sədri Hadi Rəcəbli bildirdi ki, hazırda ölkəmizdə qarşıda duran mühüm vəzifələrdən biri qeyri-neft sahələrinin inkişaf etdirilməsidir. Öz perspektivlərinə görə turizm sektoru bu istiqamətdə aparıcı yerlərdən birini tutur. Ölkəmiz güclü turizm potensialına malikdir. Qeyd edildi ki, Milli Məclis tərəfindən 1999-cu ildə “Turizm haqqında” qanun qəbul edilib. Lakin 17 maddədən ibarət olan bu sənəd artıq günün tələblərinə cavab vermir. Bunu nəzərə alaraq və ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi,  turizm sahəsinin daha da inkişaf etdirilməsi üçün yeni qanuna ehtiyac duyulurdu. Bu məqsədlə müvafiq işçi qrupu yaradıldı və daha əhatəli,  təkmilləşdirilmiş bir sənəd hazırlandı. Komitə sədri diqqətə çatdırdı ki, turizmin inkişafı dövlət tərəfindən dəstəklənir. Ölkəmizin tanıdılması məqsədilə müxtəlif layihələr həyata keçirilir. Azərbaycan artıq xarici turistlər üçün cəlbedici məkana çevrilir. Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi vacib məsələlərdəndir.
Yeni qanun layihəsi barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev məlumat verdi. Bildirildi ki, sənəd 8 bölmədən, 87 maddədən ibarətdir. Qanunda turizm sahəsində dövlət siyasəti, tənzimləmə prinsipləri, məqsəd və vəzifələr, dövlət idarəetməsinin həyata keçirilməsi, turizm fəaliyyətinin təşkili, xidmət növləri, bu sahədə təhlükəsizliyin təmin edilməsi və digər  məsələlər öz əksini tapıb.
Müzakirələr zamanı deputatlar Rauf Əliyev, İlham Məmmədov, Aytən Mustafayeva, Araz Əlizadə, Sevinc Hüseynova qanun layihəsi barədə fikirlərini açıqladılar, rəy və təkliflərini verdilər.
İclasda iştirak edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin sektor müdiri Mahir Qəhrəmanov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev və digər aidiyyəti qurumların nümayəndələri qanun layihəsinin əhəmiyyəti barədə söhbət açdılar. Qeyd olundu ki, sənəd ölkəmizdə yaxın gələcəkdə turizm sahəsinin daha da inkişaf etdirilməsinə və səmərəli fəaliyyətinə zəmin yarada bilər.
Müzakirələrdən sonra iclasda səslənən fikirlər nəzərə alınmaqla, sənədi daha da təkmilləşdirmək üçün işçi qrupuna müvafiq tapşırıq verildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU