SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
11 aprel 2012 | 06:04   
Paylaşın:        

Milli Məclisin Sosial siyasət komitəsinin aprelin 11-də keçirilmiş iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənəd müzakirə olundu.
Komitə sədri Hadi Rəcəbli layihə barədə məlumat verərək bildirdi ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə başçısı tərəfindən Milli Məclisə təqdim edilib. Qeyd olundu ki, dövlət ölkə vətəndaşlarının sağlamlığının qorunması, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi işini daim diqqətdə saxlayır. Parlamentdə bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Hadi Rəcəbli öz çıxışında “Psixiatriya yardımı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” sənədin tətbiqi ilə əlaqədar “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda bir sıra düzəlişlərin aparılmasının zəruriliyini söylədi.
Bildirildi ki, qanunun 25-ci maddəsinə yeni hissələrin əlavə edilməsi nəzərdə tutulur. Təklif olunan əlavə və dəyişikliklərdə psixiatriya yardımı alan şəxsin müalicəsi ilə bağlı məlumatların pasiyentə və onun ailə üzvlərinə verilməsi ilə bağlı məsələlər öz hüquqi həllini tapmışdır. Sənədə əsasən, pasiyentə zərər törədə biləcək məlumatların üçüncü şəxsə verilməsi qadağandır.
Komitə sədri digər düzəlişlə bağlı qeyd etdi ki, qanunun 32-ci maddəsinə “İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən psixi pozuntuların müalicəsi” məzmunda bəndin artırılması məqsədə uyğundur.
Sonra iclasda iştirak edən komitə üzvləri, bir sıra dövlət qurumlarının nümayəndələri, mütəxəssislər, habelə beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri məsələ ətrafında aparılan müzakirələrdə öz fikirlərini söylədilər. Müzakirələrin sonunda deputatlar “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif olunan dəyişikliklərin Milli Məclisin plenar iclasına çıxarılmasını qərara aldılar.
Daha sonra komitə sədri Hadi Rəcəbli qanunun əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrinin əks olunduğu 3-cü maddəsinə bir sıra düzəlişlərin edilməsi barədə fikirlərini açıqladı. 
Müzakirələrdə bildirildi ki, bu düzəlişlər xəstəliklərin profilaktikası üçün  bir sıra yeyinti məhsullarının zənginləşdirilməsinin tətbiq edilməsi, habelə uşaqlarda əlilliyin erkən yaşlarda aşkarlanması və aradan qaldırılması məqsədi daşıyır. Qeyd olundu ki, bununla bağlı daha geniş müzakirələrin aparılması nəzərdə tutulub.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU