İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Komitə iclasları
01 aprel 2016 | 05:04   
Paylaşın:        

Aprelin 1-də Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirildi. Komitənin sədri, Milli Məclis Sədrinin müavini Bahar Muradova öncə Azərbaycanın uğurlarından danışdı, ölkəmizdə insan hüquq və azadlıqlarının dövlət səviyyəsində qorunduğunu qeyd etdi.
 Sonra gündəlikdəki məsələlər barədə məlumat verildi. “Milli Məclisin İnsan hüquqları komitəsinin 2015-ci ilin payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı”nda qeyd olundu ki, parlament seçkilərindən sonra formalaşmış bu komitənin həmin dövrdə 2 iclası keçirilib və 7 məsələyə baxılıb. Komitə tərəfindən 5 qanun layihəsi plenar iclasa tövsiyə edilib və həmin qanunlar Milli Məclisdə qəbul olunub.
Məlumat verildi ki, payız sessiyası ərzində komitəyə 253 sənəd daxil olub, həmin ərizə və müraciətlərdən 147-si baxılmaq üçün müxtəlif qurumlara göndərilib. 68 vətəndaş komitə rəhbərliyi tərəfindən qəbul edilib. Bahar Muradova vurğuladı ki, vətəndaşların çoxsaylı müraciətlərinin səbəbi İnsan hüquqları komitəsinə olan inamdan irəli gəlir.
Deputatların rəyləri dinlənildikdən sonra komitənin payız sessiyasındakı fəaliyyəti qənaətbəxş sayıldı.
Sonra iclasda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında” məsələyə baxıldı. Bu barədə məlumat verən Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov İnsan hüquqları komitəsində ombudsmanın illik məruzəsi məsələsinə ilk dəfə baxıldığını qeyd etdi. Bildirdi ki, Milli Məclisə təqdim olunmuş həmin məruzədə görülmüş işlərlə yanaşı ombudsmanın bir sıra tövsiyə və təklifləri də yer alıb.
Sonra komitə üzvləri İnsan hüquqları üzrə müvəkkilin illik məruzəsinə dair fikirlərini diqqətə çatdırdılar. Sənəd parlamentin plenar iclasına tövsiyə olundu.
Gündəlikdəki üçüncü məsələni təqdim edən komitə sədri İnsan hüquqları komitəsinin 2016-cı ilin yaz və payız sessiyaları üçün nəzərdə tutulmuş tədbirlərdən danışdı. Bildirdi ki, 13 bənddən ibarət iş planında qanunvericilik işləri ilə yanaşı deputatların beynəlxalq tədbirlərdə iştirakı, beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən  nümayəndəlikləri ilə əməkdaşlığın qurulması, İnsan hüquqları üzrə Birgə İşçi Qrupla əməkdaşlıq, Azərbaycan parlamenti ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumundan, eləcə də  Mətbuat Şurası ilə əməkdaşlıq haqqında Memorandumdan irəli gələn məsələlərə həsr olunmuş tədbirlərin keçirilməsi, insan hüquqlarına dair əlamətdar günlərlə bağlı  dinləmələrin və digər tədbirlərin təşkili nəzərdə tutulub.
Komitənin iş planı təsdiqləndi.
İclasda aparılan fikir mübadiləsində komitə sədrinin  müavini Yevda Abramov, deputatlar Elman Nəsirov, Tahir Kərimli, Flora Qasımova, Əflatun Amaşov yaxından iştirak etdilər.

 
Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU