MİLLİ MƏCLİSDƏ OMBUDSMANIN HESABATI DİNLƏNİLDİ
Aprelin 5-də Milli Məclisin növbəti iclası keçirildi. Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi elan etdikdən sonra cəbhə xəttindəki mövcud vəziyyətlə bağlı fikirlərini bildirdi. Qeyd etdi ki, Azərbaycan hər zaman atəşkəsə sadiq olub. Hər dəfə ölkəmiz hər hansı yüksək nailiyyət əldə edəndə Ermənistan tərəfindən təxribatlarla rastlaşırdı, mülki əhali iriçaplı silahlardan atəşə tutulurdu. Biz həmişə cavab atəşi ilə onları susdururduq. Ancaq son günlər erməni silahlı qüvvələri mülki vətəndaşlarımıza mərmilərlə atəş açmağa başladılar. Artıq Azərbaycan ordusunun hövsələsi qalmadı və Silahlı Qüvvələrimiz ermənilərin təxribatına layiqli cavab verərək uğurlu əməliyyat apardı. Ordumuz Ermənistana, erməni qoşunlarına bir daha öz yerini göstərdi. Nəticədə, ermənilərin mülki əhalini tez-tez təhdid altında saxladıqları yüksəkliklər ələ keçirildi.
Sədr əlavə etdi ki, Azərbaycan yüksəklikləri aldıqdan sonra müvəqqəti olaraq atəşkəs rejimi elan edərək məsələnin öz həllini tapmasını istəsə də, Ermənistan tərəfi buna razı olmadı. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yaydı ki, erməni qoşunları Dağlıq Qarabağdan çıxarılandan sonra biz hansısa danışıqlara gedə bilərik. Azərbaycan öz torpağında vuruşur. Azərbaycan status-kvonun qalmasına razı deyil. Ölkəmiz əlindən gələni edəcək ki, Dağlıq Qarabağın azad olunması istiqamətində nəhayət ki, bir hərəkət başlansın. ATƏT-in Minsk qrupunun fəaliyyətinə də artıq bir inam yoxdur. Yəqin ki, Azərbaycanın qoyduğu şərtlər yerinə yetiriləcək, əks halda, məsələnin sonrakı aqibətini gələcək göstərəcək. İstəyirəm ki, Azərbaycan ordusunu dəqiq əməliyyatına görə təbrik edək. Əsgərlərimiz böyük igidlik göstəriblər. Təbii ki, gərgin döyüş nəticəsində şəhidlərimiz də oldu.
Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gündəmdə olan məsələ barədə deputatlardan Qüdrət Həsənquliyev, Fəzail İbrahimli, Qənirə Paşayeva, Zahid Oruc, Səyavuş Novruzov və Musa Qasımlı öz fikirlərini bölüşdülər. Bildirildi ki, 20 ildən çoxdur ki, Ermənistan Azərbaycanla təmas xəttində istehkamlar qurur və öyünürlər ki, əgər Azərbaycan ordusu torpaqları azad etmək istəsə, onlara ciddi cavab veriləcək. Amma Azərbaycan ordusu göstərdi ki, kiçik itkilərlə Ermənistanı darmadağın edə bilər.
Sonra çıxış edən Milli Məclis Sədrinin müavini Bahar Muradova bu günlərdə Füzuli rayonunda əhali ilə keçirdiyi görüşlərindən söz açdı. Qeyd etdi ki, mövcud vəziyyət 1990-ci illərlə müqayisəyə gəlməyəcək dərəcədə fərqlidir. Qaçqınlığın və köçkünlüyün ağrısını, əzabını, çətinliyini görmüş Azərbaycan insanı, təmas xəttində yaşayan mülki əhali tamamilə başqa əhval-ruhiyyədədir. Bu, döyüşlərdən əldə olunan qələbələrin doğurduğu qürur, sevinc əhval-ruhiyyəsidir. Təmas xəttində yaşayan mülki əhali hazırki vəziyyətdə özünü səngərdə hiss edir. Təmas xəttinə ən yaxın ərazilərdə yaşayan insanlar öz yerlərindən tərpənməyiblər. Hər kəs öz işinə, gündəlik həyatına davam edir. Onlar sosial şəbəkələrdə gedən bəzi döyüş əməliyyatlarının nəticəsi barədə yayılan dəqiq olmayan məlumatlardan narahatdırlar. Sosial şəbəkələrə diqqət yetirmək lazımdır. Bizə tanış olmayan profillərdən yayılan məlumatlara inanmaq lazım deyil. Çünki hamıdan çox onlar öz yurdlarına qayıtmağı, Şuşanın azad olunmasını istəyirlər. Belə fikirlər vardı ki, guya Qarabağda savaş başlayarsa, müharibəni görməyənlər ona az maraq göstərəcəklər. Son günlər baş verənlər isə bu fikirləri alt-üst etdi. Gənclərimizdən cəbhəyə getmək üçün xeyli müraciətlər var. Bu da onlarda olan döyüş ruhunu göstərir. Bahar Muradova məsələ ilə bağlı ATƏT-in Parlament Assambleyasına məktubla müraciət etdiyini də qeyd etdi.
Sonra Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov gündəmdə olan məsələyə münasibət bildirdi. Qeyd etdi ki, 1994-cü ildən bu yana bir gün də olsun Ermənistan tərəfi atəşkəs rejiminə əməl etməyib. Hər gün cəbhədə, təmas xəttində təhdidlər, mülki əhalinin, uşaqların, qocaların öldürülməsi halları olub. Bu müddət ərzində Azərbaycan tərəfi hər zaman özünün sülhə, danışıqlar prosesinə sadiq olduğunu göstərib. Səbr etdik, dözdük. Atəşkəs rejimi pozulurdu, amma biz danışıqlara gedirdik. Son illər dəfələrlə bəyan etdik ki, imitasiya xatirinə danışıqlara getməyəcəyik. Buna baxmayaraq, ermənilər öz havadarlarının əli ilə yenə də imitasiya edirdilər, danışıqlar xatirinə danışıqlara gedirdilər. Bununla da mövcud vəziyyəti uzatmaq istəyirdilər. Amma son hadisələr bir daha göstərdi ki, ermənilər hədlərini aşırdılar. Cəzasız vəziyyətdən istifadə edərək bu addımı atırdılar. Çünki beynəlxalq təşkilatlar onlara heç bir təzyiq göstərmirdi. Xüsusilə də ATƏT-in Minsk qrupu bəyanat versə də, əməldə heç bir iş yox idi. Sonradan məlum oldu ki, həmsədrlər əslində ermənilərə dayaqdırlar. Halbuki onların missiyası sülh yaratmaq olsa da, biz bunu da görmədik. Belə nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüququn gücü işləmir. Ona görə də gücün hüququ işləyəcəkdir. Belə olan halda da Azərbaycan öz gücünü göstərdi.
Ziyafət Əsgərov bildirdi ki, bu günə qədər beynəlxalq hüquqa sadiqliyimizi göstərmişik, bundan sonra da belə olacaq. Lakin hərdən gücün də hüququnu göstərmək lazımdır ki, qarşı tərəf öz yerini bilsin. Düşmən tərəf Azərbaycan ordusunun praktik gücünü gördü. Biz silahlarımızı paradda sərgiləmək üçün yox, məhz bu gün üçün almışdıq. Düşmən də buna şahid oldu. 1994-cü ildən bu günə qədər olan dövrdə psixoloji dönüş yarandı və xalqımız ordumuzun cəsarətini gördü.
Müzakirələrdən sonra iclasın gündəliyindəki birinci məsələ – Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsi dinlənildi. Məruzəni təqdim edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirdi ki, sənəddə müvəkkilin fəaliyyəti, insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlər, əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapmışdır. Qeyd olundu ki, ötən il icra orqanlarında aparılan yoxlamalar zamanı 35 nəfərin ciddi qanun pozuntusuna yol verdiyi aşkar edilib. Onlardan ikisi Ədliyyə Nazirliyi orqanlarından kənarlaşdırılıb. Bundan əlavə, 2015-ci ilin fevral və dekabr aylarında milli valyutanın dönərliliyinin zəifləməsi nəticəsində banklardan ABŞ dolları ilə kredit götürmüş və ödəmə imkanı olmayan vətəndaşlar tərəfindən ünvanlanmış şikayətlər xüsusi narahatlıq doğurub. Bəzi şikayətlər vətəndaşların banklardan aldıqları kreditlərin müvafiq müqavilədə ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, onlara nağd şəkildə Azərbaycan manatı ilə verilməsi, ABŞ dolları ilə aldıqları kredit üzrə ödənişlərin kredit müqaviləsinin bağlanıldığı tarixə olan məzənnə ilə aparılmasında köməklik göstərilməsi ilə bağlı olub. Ümumiyyətlə, qeyd edilməlidir ki, bir sıra bankların yüksək mənfəət əldə etmək siyasətini rəhbər tutaraq, nəinki kiçik, hətta böyük məbləğlərdə kreditləri vətəndaşlara sadə qaydada verməsi, bəzi hallarda zamin və ya girov tələb etməməsi, nəinki kredit almaq həvəsinə düşən və onun nəticələrinin məsuliyyətini dərk etməyən insanların, hətta onların ailələrinin də çıxılmaz vəziyyətlə üzləşməsinə şərait yaradıb. Nəticədə bir sıra ailələr yeganə yaşayış yerindən və əmlakından məhrum olub, bəzən dağılıb və ya ən müxtəlif maddi-mənəvi sarsıntılarla üzləşib.
Qeyd olundu ki, 2015-ci ildə insan hüquqları üzrə müvəkkilin ünvanına 15 min 320 müraciət daxil olmuşdur ki, bu da 2014-cü illə müqayisədə 16,5 faiz çoxdur.
Bu müraciətlər sırasında mənzil problemləri, sosial təminat hüququ, əmək hüququ, məhkəmə qərarlarının icrası və müraciət etmək hüququ ilə bağlı məsələlər çoxluq təşkil etmişdir.
Elmira Süleymanovanın ətraflı hesabatından sonra deputatlardan Elmira Axundova, Zahid Oruc, Hadi Rəcəbli, Qənirə Paşayeva, Fərəc Quliyev, Aqiyə Naxçıvanlı, Fəzail Ağamalı, Səyavuş Novruzov, Fuad Muradov, Əflatun Amaşov və Tahir Kərimli Ombudsmanın fəaliyyətini və illik məruzəsini yüksək qiymətləndirdilər. Məruzə səsə qoyularaq qənaətbəxş hesab edildi.
Sonra Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Antiinhisar fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirdi ki, sənədin 10-cu maddəsinin 1-ci bəndi yeni redaksiyada veriləcək. Bu dəyişiklik istehlak bazarında qiymət sövdələşməsinin qarşısının alınması məqsədi ilə antikartel fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar hazırlanıb. Bununla bağlı olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə də müvafiq dəyişikliklər edilməsi təklif olunur. Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə isə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Bildirdi ki, sənədin “Bu məcəllənin pozulmasına görə məsuliyyət” adlı 110-cu maddəsi yeni redaksiyada veriləcək. Dəyişikliyə əsasən, bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Millət vəkilləri bu dəyişikliyə də müsbət münasibət bildirdilər.
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə danışdı. Bildirdi ki, bu məsələ və gündəlikdəki “İnzibati icraat haqqında” Qanuna təklif olunan dəyişiklik qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır. Hər iki məsələ səsə qoyularaq qəbul edildi.
İclasda bildirildi ki, Mülki Məcəllənin “Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası” adlanan 40-1-ci maddəsinin müddəalarına uyğunlaşdırılma məqsədi ilə “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında” qanunlarda da dəyişikliklər edilməsi nəzərdə tutulur. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Notariat orqanlarının işinin səmərəliliyini artırmaq və hüquqi şəxslərin təsisçilərinin vərəsələrinin qanuni maraqlarını qorumaq məqsədi ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri də təsdiq edildi.
İclasda Mülki, İnzibati Xətalar, Cinayət məcəllələrinə, həmçinin “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunlara da dəyişikliklər edildi.
Deputatlar “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsinə də razılıq verdilər.
Bildirildi ki, qanunlara edilən bu dəyişikliklər ölkə qanunvericiliyinin daha da inkişafına xidmət edir. Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti