İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
07 aprel 2016 | 03:04   
Paylaşın:        

Aprelin 7-də  Milli Məclisin İqtisadi siyasət, sənaye  və sahibkarlıq  komitəsinin növbəti  iclası  keçirildi. Komitə  sədri Ziyad  Səmədzadə gündəlikdəki  layihələrin  müzakirəsinə  keçməzdən əvvəl son  günlərdə Azərbaycan ordusunun cəbhə  bölgəsində uğurlu hərbi əməliyatlar keçirdiyini, bunun hər  bir  vətəndaş, bütövlükdə Azərbaycan xalqı tərəfindən qürurla  qarşılandığını  dilə  gətirdi. O  bildirdi ki, dövlət başçısının bu istiqamətdəki siyasəti  əhali  tərəfindən  birmənalı şəkildə dəstəklənir. Əminik ki, belə bir  ordu  sayəsində  Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək, erməni qəsbkarları Azərbaycan torpaqlarından geri çəkiləcəklər.
Sonra iclasda “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi müzakirə olundu. Ziyad  Səmədzadə  qanun layihəsi  barədə ətraflı məlumat verdi. Çıxış  edən millət  vəkilləri Ağalar Vəliyev, Vahid  Əhmədov, Əli Məsimli, Tahir  Mirkişili, İlham Əliyev sənədin sahibkarlığın inkişafı  üçün əhəmiyyətindən  söz  açdılar.  Eyni zamanda qanun  layihəsinin dilinin bir qədər sadələşdirilməsi, hər bir sahibkarın başa düşə biləcəyi formada yazılması, ölkəmizdə dempinqə düşən məhsulların siyahısının sənədə əlavə olunması  təklif olundu.
Daha sonra “Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Hökumətləri arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” sazişin təsdiq edilməsi haqqında sənədə  baxıldı.
“Sosial sığorta haqqında” qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində  edilən  redaktə  xarakterli  düzəliş barədə  də məlumat  dinlənildikdən sonra  qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU