AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
13 aprel 2016 | 05:04   
Paylaşın:        

Aprelin 12-də Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri  komitəsinin iclası keçirildi. Öncə bu günlərdə Qarabağda Vətən torpaqlarının azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra komitənin sədri Aqiyə Naxçıvanlı bildirdi ki, gündəlikdə iki qanun layihəsi var. Azərbaycan Prezidentinin təqdimatı ilə parlamentə daxil olmuş hər iki sənəddə uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan onların qorunması məsələlərinin qanunvericiliklə tənzimlənməsi nəzərdə tutulur.
Həmin sənədləri təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin baş məsləhətçisi Sevinc Rəhimova “Uşaq hüquqları haqqında” və “Telekommunikasiya haqqında” qanunlara təklif edilən dəyişiklikləri şərh etdi. Bildirdi ki, qüvvədə olan “Uşaq hüquqları haqqında” qanunun 15-ci maddəsinə əsasən, ölkəmizdə hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən məlumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ, yəni məlumat azadlığı hüququ var. Hazırda müzakirəyə təqdim olunmuş qanun layihəsinə görə, həmin maddəyə “uşaqların  sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir” cümləsi əlavə edilib.
Deputatların nəzərinə çatdırıldı ki, həmin məsələ ilə əlaqədar “Telekommunikasiya haqqında” qanunun 33-cü, 34-cü və 40-cı maddələrinə də müvafiq dəyişikliklər edilib. Belə ki, yeni layihədə abunəçinin müraciəti əsasında  telekommunikasiya operatorlarından  və provayderlərdən uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək, bu məqsədlə tədbirlər görülməsini tələb etmək hüquqları nəzərdə tutulur. Həmçinin  uşaqların  sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunmasına dair qanunla təsbit olunmuş vəzifəsini həyata keçirməsi üçün tərəflər arasında bağlanmış müqavilədə telekommunikasiya operatorlarının və provayderlərin abunəçinin razılığını və ya etirazını nəzərə alması vacib sayılır. 
Komitə üzvləri Sədaqət Vəliyeva, Ağacan Abiyev, Tahir Rzayev, Astan Şahverdiyev, Dilarə Cəbrayılova gündəlikdəki qanun layihələri ilə bağlı rəylərini bildirdilər. Qeyd olundu ki, müzakirəyə çıxarılmış məsələ cəmiyyətin sosial sifarişidir, günümüzün vacib məsələsidir. Deputatlar televiziya proqramlarına dair bir sıra iradlarını da səsləndirdilər.
Fikir mübadiləsinin yekununda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.


  Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU