MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
12 aprel 2016 | 05:04   
Paylaşın:        
Aprelin 12-də Milli Məclisin Mədəniyyət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitənin sədri Rafael Hüseynov bildirdi ki, gündəliyə üç məsələ daxil edilmişdir. Birinci məsələ - “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlıdır. Bu dəyişikliklər ölkəmizdə insan haqlarına hörmətin çərçivəsinin daha da genişləndirilməsini nəzərdə tutur.
Təklif olunan dəyişikliklər barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdir müavini Mehdi Qurbanov bildirdi ki, qanunun 11-ci maddəsinə (İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar) əlavə olunan bəndə görə, KİV redaksiyası və ya jurnalistin “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yaymasına yol verilməyəcək.
 Maddənin 4-cü bəndi isə dəyişdirilərək belə verilir: “yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir”.
Komitə üzvlərinin fikirləri dinlənildikdən sonra təklif olunan dəyişikliklər Milli Məclisin iclasında müzakirəyə tövsiyə edildi.
Komitənin sədri Rafael Hüseynov bildirdi ki, gündəlikdəki ikinci məsələ “Kinematoqrafiya haqqında” yeni qanun layihəsidir. Məlumat verildi ki, artıq əvvəlki qanun dövrün tələblərinə cavab vermədiyinə görə yeni qanun layihəsi hazırlanmışdır. Bu qanun filmlərin istehsalı və yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyəcək. Layihə müvafiq nazirliklərə təqdim olunmuş və onların rəyləri gözlənilir. 
Sonra çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kinematoqrafiya sahəsinə dövlət qayğısından, bu sahədə görülən işlərdən danışdı, qanun layihəsini yüksək qiymətləndirdi.   
Sonra deputatlardan Jalə Əliyeva, Cavanşir Feyziyev, Novruzəli Aslanov, Aqil Abbas, Əflatun Amaşov, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova layihə barədə fikirlərini bildirdilər.
Komitənin sədri Rafael Hüseynov diqqətə çatdırdı ki, burada deyilən təkliflər nəzərə alınacaq, bu ayın sonu və ya may ayının əvvəlində qanun layihəsi daha geniş tərkibdə, kino mütəxəssisləri ilə birlikdə müzakirə olunacaqdır.
İclasda “Kitabxana işi haqqında” Qanunun müasir tələblər baxımından yenilənməsi zərurəti haqqında fikir mübadiləsi də aparıldı. Bildirildi ki, 1998-ci ildə qəbul olunmuş qanunun mahiyyəti ötən dövrdə tamamilə dəyişib. Qanuna dəyişikliklər olunsa da, dövrün tələblərinə cavab vermir. Ona görə də yeni mükəmməl qanun layihəsinin hazırlanmasına ehtiyac var.  
Çıxış edən mütəxəssislər və deputatlar da yeni qanun layihəsinin hazırlanmasını dəstəklədilər. Bununla da Mədəniyyət komitəsinin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU