MİLLİ MƏCLİSDƏ HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLDİ

Tədbirlər
15 aprel 2016 | 07:04   
Paylaşın:        
Aprelin 15-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. 9 məsələdən ibarət gündəlik təsdiqləndi. Cari məsələlərin müzakirəsində deputatlar bəzi saytlarda həqiqətə uyğun olmayan, qeyri-obyektiv informasiyaların yer almasından narazılıqlarını bildirdilər. Vurğulandı ki, Vətən torpaqlarının azadlığı və şəhidlərimiz məsələsindən çirkin siyasi məqsədlərlə istifadə olunması yolverilməzdir.
Çıxışları yekunlaşdıran Milli Məclisin Sədri son hadisələrdə ABŞ mətbuatında Ermənistanın işğalçı siyasətindən bəhs edən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən məqalələrin yer aldığını  qeyd etdi.  Dünya mətbuatında Dağlıq Qarabağ məsələsini obyektiv mövqedən, düzgün işıqlandıran materialların milli mətbuatımızda təbliğini daha məqsədəuyğun saydı.
Parlamentdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklər edilməsi barədə Konstitusiya Qanunu” ikinci səsverməyə çıxarıldı. Deputatlar sənədə müsbət münasibət bildirdilər.
Sonra Milli Məclis “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” məsələyə baxdı. Müvafiq qurumların təqdimatlarına əsasən YAP-ı, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlarını, BQP-ni, ADMP-ni, ADİP-i, VHP-ni, AVP-ni, AXCP-ni, MDHP-ni, ASRP-nı, VP-ni və ASDP-ni MSK-da təmsil edəcək nümayəndələr və əvəzedici şəxslər barədə məlumatlar deputatlara təqdim olunmuşdu. Namizədlər barədə müsbət fikirlər səsləndi. Parlament MSK-nın yeni tərkibini və əvəzedici üzvlərini təsdiqlədi.
Plenar iclasda Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında hesabatı qurumun sədri Vüqar Gülməmmədov təqdim etdi. Bildirdi ki, parlamentə təqdim edilmiş hesabat beynəlxalq təcrübəyə uyğun hazırlanıb. Sənəd Palatanın 2015-ci ildə maliyyə, büdcə, nəzarət və ekspert analitik fəaliyyətinin, həmçinin korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində fəaliyyətinin əsas nəticələrini əks etdirir. Hesabatın tərtibində Milli Məclis üzvlərinin ötən illərdəki təklifləri də nəzərə alınıbdır.
Qurumun sədri məlumat verdi ki, 2015-ci ildə Hesablama Palatası dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə 84, Naxçıvan MR büdcəsi üzrə isə 24 nəzarət tədbiri keçirilməsinə qərar verib. Başa çatdırılmış nəzarət tədbirləri 175 qurumu, o cümlədən 29 rayon icra hakimiyyəti orqanını və xaricdəki 4 diplomatik korpusumuzun fəaliyyətini əhatə edib.
Hesabat ilində dövlət büdcəsinin  xərcləri ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri ilə 4,2 milyard manat məbləğində vəsait əhatə olunub ki, bu göstərici 2014-cü illə müqayisədə 15,3 faiz çoxdur.
2015-ci ildə nəzarət tədbirləri üzrə dövlət büdcəsinin gəlirləri ilə bağlı 4 milyon 496 min 100 manat, dövlət büdcəsinin xərcləri ilə bağlı 4 milyon 170 min manat məbləğində vəsait, həmçinin 39 min 500 avro dövlət büdcəsinə bərpa edilib. Əvvəlki illər üzrə aparılmış nəzarət tədbirlərinin nəticələri ilə bağlı həyata keçirilən tədbirlər sayəsində Baş Prokurorluğa göndərilmiş materiallar üzrə  bərpa edilmiş vəsait 1 milyon 55 min manat, digər tədbirlər üzrə bərpa edilmiş vəsait isə 565 min 600 manat və 20 min 700 avro təşkil edib. Beləliklə, hesabat ilində nəzarət tədbirlərinin nəticəsi olaraq, ümumilikdə 10 milyon 286 min 700 manat və 60 min 200 avro məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib. Bununla yanaşı 377 min 800 manat maliyyələşmənin azaldılmasına nail olunub ki, bu da dövlət vəsaitinin qənaətli istifadəsini təmin edib. 
V.Gülməmmədov dedi ki, ötən il həyata keçirilən nəzarət tədbirləri ilə bağlı Hesablama Palatası tərəfindən 134 təqdimat göndərilib. 2015-ci ildə qəbul edilmiş Kollegiya qərarları ilə 995 tövsiyə verilib. Həmin tövsiyələrin 10,8 faizi yol verilmiş nöqsanlar üzrə dövlət büdcəsinə bərpa və işlərin (xidmətlərin) görülməsi ilə, 8,5 faizi debitor və kreditor borclarla bağlı olub. Qalan  80,7 faizi isə tövsiyələrdən ibarət olub ki, o da mövcud nöqsanlara gələcəkdə yol verilməməsi üçün fəaliyyətin gücləndirilməsi istiqamətlərini əhatə edib.
Parlamentin nəzərinə çatdırıldı ki, Hesablama Palatası tərəfindən yoxlanılan təşkilatlarda işində nöqsanlara yol verən 398 nəfərlə bağlı intizam tənbehi tədbirləri görülüb.
Məruzə ətrafında Qənirə Paşayeva, Ziyad Səmədzadə, Elmira Axundova, Tahir Kərimli, Əflatun Amaşov, Əli Məsimli, İlham Məmmədov, Vahid Əhmədov, Zahid Oruc və başqaları çıxış edərək rəylərini bildirdilər. Hesabatdakı müsbət tendensiyalar xüsusi qeyd olundu. Hesablama Palatası tərəfindən ötən il çox ciddi nöqsanların üzə çıxarıldığı vurğulandı.
Fikir mübadiləsinin yekununda Hesablama Palatasının 2015-ci ilə dair hesabatı qənaətbəxş hesab olundu.
Sonra Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Saziş ratifikasiya olundu.
Gündəlikdəki növbəti məsələni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdən məqsəd  əmək qabiliyyətli şəxslərlə əlaqədar dəqiqləşdirmənin aparılmasıdır. Məlumatdan sonra qanun layihəsi səsə qoyuldu və qəbul edildi.
Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında” və “Psixiatriya yardımı haqqında” qanunlarda dəyişikliklər edilməsinə dair məsələləri Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim etdi. Bildirdi ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 28-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, Mülki Prosessual Məcəlləyə uyğun olaraq vətəndaşın razılığı tələb olunmadan ona tibbi yardım göstərilməsi məsələsi tənzimlənəcək. Əsasən narkomanlara tətbiq olunacaq həmin qaydaya görə, cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş şəxs əgər öz davranış və hərəkətləri ilə yaxın qohumlarına dəfələrlə maddi və mənəvi zərər yetiribsə, uşaqların tərbiyəsinə mənfi təsir göstəribsə, ətrafındakıların hüquqlarını pozubsa, o halda narkomanlığa düçar olmuş həmin şəxsin könüllü müalicədən imtina etməsinə baxmayaraq, uyğun psixiatriya stasionarına qeyri-könüllü yerləşdiriləcək.
 Əhliman Əmiraslanov məlumat verdi ki, “Psixiatriya yardımı haqqında” qanunda edilən dəyişiklik isə Cinayət-Prosessual Məcəlləsindəki dəyişikliklə əlaqədardır. Qanunun 29.3-cü maddəsinə görə, psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər görülmüş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi  haqqında məhkəmənin qərarı əsasında çıxarılır. 
Deputatlar Çingiz Qənizadə, Dilarə Cəbrayılova, Siyavuş Novruzov, Fəzail Ağamalı və Səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev rəy və təkliflərini parlamentin diqqətinə çatdırdılar. Hər iki məsələ səsə qoyularaq qəbul edildi.
Gündəlikdəki növbəti iki qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə məsələni şərh edən komitə sədri bildirdi ki, Məcəllənin 189.2-ci maddəsi, yəni  övladı dərs buraxan valideynin cərimələnməsini nəzərdə tutan cəza ləğv edilir. 
Deputatlar bu maddənin ləğvini məqsədəuyğun saydılar. 
Daha sonra Mülki Prosessual Məcəllədə xüsusi icraat işlərinə baxılması qaydasını tənzimləyən 306.1-ci maddəyə təklif olunan dəyişikliyə baxıldı. Məlumat verildi ki, bu dəyişiklik ötən sessiyada həmin Məcəlləyə əlavə olunmuş 40.2-ci fəsillə əlaqədardır.
Müzakirələrdə Asim Mollazadə, Tahir Kərimli, Fəzail Ağamalı fikirlərini bildirdilər. Qanun qəbul edildi.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU