İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
18 aprel 2016 | 05:04   
Paylaşın:        

Aprelin 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi.
Əvvəlcə komitə sədri Ziyad Səmədzadə Vergilər Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirildi ki, dəyişikliyə əsasən bir sıra məhsulların idxal və satışının əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur. Sənəddə  damazlıq heyvanların, toxum və tinglərin, mineral gübrələr və pestisidlərin idxalı və satışı, toxumların yetişdirilməsi, laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, həmçinin kənd təsərrüfatı heyvanlarının,  quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı qurğuların, maşın və texnikaların idxalı və satışı ƏDV-dən azad olunması təklif edilir.
Çıxış  edən millət  vəkilləri Vahid  Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Şəmsəddin Hacıyev, İlham Əliyev, Mirzəcan Xəlilov  sənədin bu  günün  tələblərinə  cavab  verdiyini qeyd  etdilər, ölkədə  kənd təsərrüfatının inkişafı, bu sahəyə isvestisiya qoyuluşları üçün əlverişli imkanların yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində  əhəmiyyətli olacağını  söylədilər. 
Məcəlləyə edilən ikinci dəyişiklik isə kənd təsərrüfatı təyinatlı torpaqların hər hansı üzrlü səbəb olmadan təyinatı üzrə istifadə edilmədikdə ona tətbiq olunan vergi dərəcəsi ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən həmin torpaq üzrlü səbəb olmadan təyinatı üzrə istifadə olunmursa, vergi dərəcəsi artırılır. Bu, məbləğ hər 100 kvadratmetr üçün 10 manat müəyyən edilir.
Sonra iclasda “Gömrük tarifi haqqında” qanunda dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi də müzakirə edildi. Dəyişikliyə əsasən, yeni yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan, təsdiqedici sənəd əsasında həmin fəaliyyətin məqsədləri üçün gətirilən bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilir. Bildirildi ki, sənəd  Qaradağ Sənaye Parkının yaradılması haqqında Azərbaycan Prezidentinin 3 iyun 2015-ci il tarixli sərəncamının 4.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb.
Daha  sonra “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxıldı. Bildirildi ki, sənədin 12-ci maddəsinə “tərəflərdə işləyən” sözlərindən sonra, “habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində)”sözləri əlavə ediləcək.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.


 Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU