ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Aprelin 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə məsələ daxildir. Ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən islahatlar barədə danışan komitə sədri diqqətə çatdırdı ki, qanuna təklif olunan bu dəyişiklik də həmin islahatların tərkib hissəsidir.
Məsələ barədə məlumat verən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin sektor müdiri Rövşən Muradov diqqətə çatdırdı ki, qanuna təklif olunan bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin Qaradağ Sənaye Parkının yaradılması haqqında 3 iyun 2015-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə hazırlanmışdır. Qanunun “Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər” adlı 12-ci maddəsinə ediləcək dəyişiklikdən sonra müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılmış sənaye parkında fəaliyyətə cəlb edilmiş əcnəbilər məcburi dövlət sosial sığortasından azad ediləcəklər.
Çıxış edən deputatlar Aytən Mustafayeva, Rauf Əliyev, İlham Məmmədov, Araz Əlizadə, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova təklif olunan dəyişikliyi yüksək qiymətləndirdilər. Sonra sənəd Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
İclasda hazırda üzərində iş gedən “Turizm haqqında” Qanun layihəsi barədə də fikir mübadiləsi aparıldı, deputatların fikirləri dinlənildi. İclasın sonunda qanun layihəsi üzərində işin davam etdirilməsi qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti