HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Komitə iclasları
29 aprel 2016 | 10:04   
Paylaşın:        

Aprelin 28-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 12 qanun layihəsinə baxıldı.
Komitənin sədri Əli Hüseynli öncə “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsinə dair məsələ barədə məlumat verdi. Qanun layihəsini Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini Mirhəşim Seyid şərh etdi. Layihə ətrafında geniş müzakirələrdə komitə üzvləri Çingiz Qənizadə, Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Fəzail Ağamalı, Tahir Kərimli, Azay Quliyev, Vüsal Hüseynov, Elşən Musayev və komitə sədrinin müavini Rövşən Rzayev təklif olunan dəyişikliklərə dair rəylərini, iradlarını bildirdilər,  seçiciləri narahat edən bəzi məsələləri diqqətə çatdırdılar. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışlara münasibət bildirdikdən sonra Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deputatları maraqlandıran məsələlərə aydınlıq gətirdi.
Fikir mübadiləsinin yekununda “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun layihəsi ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alındı. 

Sonra iclasda Azərbaycan Ali Məhkəməsi hakimlərinin təyinatı ilə bağlı məsələ nəzərdən keçirildi və plenar iclasa çıxarılması tövsiyə olundu.
Komitədə Ali Məhkəmənin Milli Məclisə bir zərfdə təqdim etdiyi növbəti iki qanun layihəsini Ali Məhkəmənin hakimi Akif İsgəndərov ətraflı şərh etdi. Deputatlar ailə problemləri ilə əlaqədar Mülki Prosessual Məcəlləyə və “İcra haqqında” qanuna təklif edilən dəyişiklikləri məqsədəuyğun saydılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin təsdiqinə dair qanun layihəsi də plenar iclasa tövsiyə edildi. 
Gündəlikdəki digər məsələlər Cinayət və İnzibati Xətalar məcəllələrində, eləcə də “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İcra məmurları haqqında” və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunlarda dəyişikliklər edilməsini nəzərdə tuturdu. Fikir mübadiləsindən sonra qərara alındı ki, həmin qanun layihələri də Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim olunsun.

 

Milli Məclisin

Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU