MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 29-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası parlamentin Sədri Oqtay Əsədov açdı. Əvvəlcə iclasda cari məsələlər ətrafında müzakirələr aparıldı. Millət vəkilləri Zahid Oruc, Fərəc Quliyev, Əli Məsimli, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Elşən Musayev, Fazil Mustafa, Sahib Alıyev, Elman Nəsirov ölkə gündəmi ilə əlaqədar vacib məsələlərdən, cəbhə zonasında baş verən hadisələrdən, Ermənistan dövlətinin riyakarlığından, Azərbaycan ordusunun əsgər və zabitlərinin şücaətindən danışdılar. Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycan dövlətinin BMT-nin və digər beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsindən ətraflı söhbət açdı. Bu qurumların Azərbaycana münasibətinin artıq ürəkaçan səviyyədə olduğunu vurğuladı. Son zamanlar Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə layiqincə çatdırılmasını, xarici təşkilatlarda ölkəmizə qarşı münasibətin dəyişdiyini, dövlətimizin gücünün doğurduğu əminliyi diqqətə çatdırdı.
Sonra iclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənildi. Milli koordinator, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov ötən dövrdə ölkəmizdə insan alveri ilə mübarizə sahəsində görülən işləri diqqətə çatdırdı. Qeyd olundu ki, müasir dünyada ictimai asayişin yüksək səviyyədə qorunduğu dövlət kimi tanınan Azərbaycanda aparılan demokratik-hüquqi islahatlar nəticəsində, transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan insan alverinə qarşı mübarizə işinin son 12 ildə möhkəm təməli yaradılmışdır.
Ötən dövrdə insan alverinə qarşı mübarizənin iştirakçısı olan bütün dövlət orqanları, vətəndaş cəmiyyətinin nümayəndələri və beynəlxalq tərəfdaşlar Milli Fəaliyyət Planına uyğun olaraq sözügedən cinayətlərin qarşısının alınması, qanunvericiliyin təkmilləşdirilməsi, təhlükəsizliyin, maarifləndirmənin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində qarşıya qoyulmuş vəzifələri ardıcıllıqla yerinə yetirmişlər.
Qeyd olundu ki, hesabat dövründə 108 insan alveri, 8 məcburi əmək, insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt qeydə alınıb. Bu əməllərə görə 38 şəxs cinayət məsuliyyətinə cəlb olunub, insan alveri ilə məşğul olan 13 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib. Keçirilmiş əməliyyat nəticəsində həmin cinayətləri törətmiş 27 şəxsdən 9-u tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilmiş, insan alverinin qurbanı olan 63 nəfər müəyyən olunmuşdur.
Nazir müavini onu da qeyd etdi ki, hesabat dövründə “Qaynar xətt” telefon xidmətinə daxil olan 13 minə yaxın müraciət araşdırılmış və hər biri üzrə qanunla müəyyən edilmiş tədbirlər görülmüşdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 56 qurbana hüquqi psixoloji yardım, həmçinin Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələri tərəfindən 16 qurbana tibbi xidmət göstərilmiş, 13 nəfər şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmuşdur. Ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı ötən il küçə həyatına məruz qalan, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 450 azyaşlı müəyyən edilmişdir. Onların insan alverinin və məcburi əməyin qurbanı olmaları təsdiqlənməsə də 200-dən artıq valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülmüşdür. Dövlət Miqrasiya Xidməti tərəfindən aparılmış yoxlamalarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə götürülməsi qaydalarının pozulması ilə əlaqədar 159 inzibati xəta aşkarlanmışdır.
General-leytenant Vilayət Eyvazov bildirdi ki, hesabat dövründə Daxili İşlər, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman, İqtisadiyyat və Sənaye nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və QHT-lərin birbaşa təşkilatçılığı və iştirakı ilə Bakı şəhərinin ən müxtəlif yerlərində, ayrı-ayrı rayonlarda, qəsəbələrdə, müxtəlif şirkət və müəssisələrdə məcburi əməyə məruz qalma hallarının müəyyən edilməsi üçün monitorinqlər aparılıb. İnsan alveri və məcburi əmək qurbanlarının müəyyən edilməsi qaydaları ayrıca proqram əsasında Dövlət Miqrasiya Xidmətinin təlim-tədris mərkəzində tədris olunur. Bildirildi ki, belə tədbirlərdə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları da fəal iştirak ediblər.
Sonda natiq onu da vurğuladı ki, insan alverinə qarşı mübarizədə Azərbaycan təcrübəsi bir çox dövlətlərin əlaqədar qurumlarının diqqət mərkəzindədir və görülən işlər əksər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabatlarda yüksək dəyərləndirilir.
Sonra insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı ilə bağlı müzakirələr aparıldı. Deputatlardan Fazil Mustafa, Siyavuş Novruzov, Zahid Oruc, Fəzail Ağamalı, Elmira Axundova, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə sənədlə bağlı fikirlərini bildirdilər. Müzakirələrdən sonra hesabat nəzərə alındı.
Sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə başlanıldı. Əvvəlcə Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı “Uşaq hüquqları haqqında” və “Telekommunikasiya haqqında” qanunlara təklif edilən dəyişiklikləri şərh etdi. Komitə sədri bildirdi ki, qüvvədə olan “Uşaq hüquqları haqqında” qanunun 15-ci maddəsinə əsasən, ölkəmizdə hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən məlumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ, yəni məlumat azadlığı hüququ var. Hazırda müzakirəyə təqdim olunmuş qanun layihəsinə görə, həmin maddəyə “uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir” cümləsi əlavə edilib.
Deputatların nəzərinə çatdırıldı ki, həmin məsələ ilə əlaqədar “Telekommunikasiya haqqında” qanunun 33-cü, 34-cü və 40-cı maddələrinə də müvafiq dəyişikliklər edilib. Belə ki, yeni layihədə abunəçinin müraciəti əsasında telekommunikasiya operatorlarından və provayderlərdən uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək, bu məqsədlə tədbirlər görülməsini tələb etmək hüquqları nəzərdə tutulur. Qeyd olundu ki, müzakirəyə çıxarılmış bu məsələlər cəmiyyətin sosial sifarişi və günümüzün vacib məsələsidir. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
“Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklərlə bağlı Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov məlumat verdi. Qeyd olundu ki, sənəddə aparılan dəyişikliklər ölkəmizdə insan haqlarına hörmətin çərçivəsinin daha da genişləndirilməsini nəzərdə tutur. Bildirildi ki, qanunun 11-ci maddəsinə (İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar) əlavə olunan bəndə görə, KİV redaksiyası və ya jurnalistin “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yaymasına yol verilməyəcək. Maddənin 4-cü bəndi isə dəyişdirilərək belə verilir: “yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir”. Sənəd deputatların yekdil razılığı ilə qəbul edildi.
Gündəlikdə olan digər 3 məsələ - “Polis haqqında”. “Cinayət işlərinə dair hüquqi yardım haqqında” və “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanunlara dəyişikliklər edilməsi barədə sənədlərlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Qeyd olundu ki, bu qanun layihələrində edilən texniki xarakterli dəyişikliklər sənədlərin “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli 1395-IVQD nömrəli qanuna uyğunlaşdırma məqsədi ilə aparılıb. Hər 3 sənəd ayrı-ayrılıqda səsvermə yolu ilə qəbul edildi.
Bununla da Milli Məclis bugünkü işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti