UŞAQLARA QARŞI ZORAKILIQLA MÜBARİZƏ GÜNDƏMDƏDİR
Aprelin 16-da Milli Məclisin təşəbbüsü ilə Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksində Avropa Şurasının “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramı çərçivəsində növbəti tədbir keçirildi.
Tədbiri Səbail RİH başçısı Asif Əsgərov açaraq dedi ki, bəşəriyyətin gələcəyi olan uşaqlara qayğı, onların problemlərinin həlli məsələsi dövlətin və cəmiyyətin bütün təbəqələrinin diqqət mərkəzində olmalıdır. Bu gün Azərbaycan əhalisinin 29 faizini, təxminən 2 milyon 800 min nəfərini uşaqlar təşkil edir, ölkə rəhbərliyinin səyləri nəticəsində onlara göstərilən qayğı günbəgün artmaqdadır.
Statistikaya istinadən A.Əsgərov qeyd etdi ki, orta hesabla dünyada hər gün 5 yaşına çatmamış uşaqlardan 24 mini əsasən qarşısı alınması mümkün olan xəstəliklərdən vəfat edir. İl ərzində milyonlarla uşaq müxtəlif növ zorakılığa məruz qalır, 5 yaşdan 14 yaşadək uşaqlar arasında 150 milyonu məcburi əməyə cəlb olunur, 100 milyondan artıq uşaq ibtidai təhsildən kənarda qalır. Daha bir vacib məsələyə toxunan icra başçısı qeyd etdi ki, qızların erkən nikaha girməsi onların sağlamlığına ciddi zərər vurur.
Sonra tədbirin aparıcısı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Avropa Şurasının “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramının Azərbaycan üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva bildirdi ki, uşaq hüquqlarının qorunması, uşaqlara qarşı zorakılıqla mübarizə məsələsi bütün dünyada olduğu kimi Azərbaycanda da gündəmdədir. Ölkəmizdə bu istiqamətdə böyük işlər görülür. Avropa Şurasının müvafiq proqramı çərçivəsində reallaşdırılan “Biz zorakılığa yox deyirik!” mövzusunda silsilə tədbirlər məhz bunun nəticəsidir. Azərbaycan hökuməti Avropa Şurasının “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramının tətbiqi üçün kifayət qədər maliyyə dəstəyi ayırıb. Çıxışında uşaq tərbiyəsi ilə bağlı bir sıra praktik məqamlara toxunan deputat S.Fətəliyeva bu işin daha səmərəli qurulması üçün şagirdlərin fikirlərinin dinlənilməsini vacib saydı.
Səbail rayonundakı müxtəlif təhsil ocaqlarını təmsil edən məktəblilər onları narahat edən məsələlərdən söz açdılar, təkliflərini, arzularını bildirdilər. Sonra Bakı şəhər Polis İdarəsinin şöbə rəisi Hüseyn Əliyevin məruzəsi dinlənildi. Deputatlardan Gülər Əhmədova və Elmira Axundova bu vacib məsələyə dair fikirlərini açıqladılar, məktəblilərə tövsiyələrini verdilər. Tədbirin yekununda YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin şöbə müdiri Münir Məmmədzadə uşaqların müdafiəsi sahəsində görülən işlərdən danışdı.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Sevinc Hüseynova və İlham Məmmədov, Avropa Şurasının Bakı ofisinin rəhbəri Konstantin Yerokostopulos, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin və QHT-lərin nümayəndələri iştirak edirdilər.
Milli Məclisin
Mətbuat xidməti