AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Mayın 6-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov diqqətə çatdırdı ki, iclasda “Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.
Eldar İbrahimov bildirdi ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə təqdim edilib. Komitə sədri məsələnin mahiyyəti barədə məlumat verərək dedi ki, Meşə Məcəlləsini İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətlə bağlı 79-cu maddədə müvafiq dəyişiklik edilib.
Maddənin təklif olunan redaksiyasında bildirilir ki, meşə qanunvericiliyinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər. Qüvvədə olan mətndə isə “inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər” göstərilir. Qeyd olundu ki, İnzibati Xətalar Məcəlləsində torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə konkret cəza tədbiri müəyyən edilmişdir.
Müzakirələrdə çıxış edən komitə sədrinin müavini Eldar Quliyev, millət vəkilləri Cavanşir Paşazadə, Novruzəli Aslanov, Tahir Süleymanov ölkəmiz üçün meşələrin əhəmiyyəti, meşə təsərrüfatının inkişafı və qorunmasının vacibliyi barədə fikirlərini açıqladılar. Qeyd edildi ki, meşələrin qırılması təbiətə mənfi təsir göstərir və bunun qarşısı alınmalıdır.
Deputatlar Meşə Məcəlləsində edilən dəyişikliyi məqsədəuyğun hesab etdilər və qanun layihəsini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə etdilər.
Milli Məclisin
Mətbuat xidməti