MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Komitə iclasları
06 may 2016 | 06:05   
Paylaşın:        

Mayın 6-da  Milli Məclisin Ailə, qadın  və uşaq  məsələləri, Əmək və  sosial  siyasət, Gənclər  və idman  komitələrinin  birgə iclası  keçirildi.
Ailə, qadın və uşaq  məsələləri komitəsinin sədri Aqiyə  Naxçıvanlı iclası  açaraq  bildirdi ki, bugünkü  iclasın  gündəliyinə “Azərbaycan  Respublikası  Ailə Məcəlləsində  dəyişikliklər  edilməsi”   haqqında  qanun layihəsi  daxil  edilib. Bildirildi ki, qanunveriçilik təşəbbüsü qaydasında Ali Məhkəmənin  Plenumu 28  mart 2016-cı il  tarixli  qərarla sənədə dəıyişikliklərlə bağlı  təkliflər verib.  Təklif olunan dəyişikliyə görə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaq valideynlərdən hansının yanında qaldığını müəyyən etməli, əgər uşaq həmin valideynin yanında deyildirsə, onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi həll edilməlidir. Bildirildi ki, Məcəllənin 23.3-cü maddəsinə edilən  dəyişiklikdə  “çıxarışı” sözündən sonra “nikahın pozulmasının dövlət qeydiyyatı üçün” sözlər, 112.1-ci maddəsinə “bu qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir” cümləsi əlavə edilir.
İclasda  iştirak  edən Ali Məhkəmənin hakimi Vəfaddin İbayev   çıxışında bildirdi ki, Azərbaycanda nikahların pozulması ailənin möhkəmliyi xüsusiyyətlərinə cavab vermir. Cəmiyyətdə nikahların pozulması hallarının get-gedə artması ilkin olaraq uşaqların taleyində müəyyən problemlər yaradır,  aliment məsələlərində fikir ayrılıqları ortaya çıxır. Boşanma ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən sonra nikahları pozulan cütlüklərə aliment məsələsi ilə bağlı yuxarı instansiya məhkəmələrinə müraciət, şikayət etmək hüququ verilmişdi və bu da ən azı 6-7 ay çəkirdi. Bu müddətdə də uşaqlara alimentlərin ödənilməsi məsələsində əlavə problemlər yaranırdı.
Ali Məhkəmənin Plenumu belə bir təkliflə çıxış etdi ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra alimentin tutulması dərhal təmin edilsin. Vəfaddin  İbayev onu da qeyd etdi ki, məhkəmələr boşanma zamanı tərəflərin hər ikisinin iştirakının təmin olunmasına zəmin yaratmalı, nikah pozularkən uşaqların üstün mənafeyi təmin olunmalıdır.
Millət vəkilləri Musa Quliyev, İlham Məmmədov, Elmira  Axundova, Astan Şahverdiyev, Sahibə Qafarova, Araz  Əlizadə, Tahir  Rzayev Məcəlləyə təklif edilən dəyişikliklərin yerində olduğunu, Ali Məhkəmənin  qərarını ədalətli  hesab  etdiklərini  vurğuladılar.
Qanun  layihəsi parlamentin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU