MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 6-da Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı.
Əvvəlcə deputatlar Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələyə müsbət münasibət bildirdilər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin təqdimatından sonra Əsgərov Qürbət Ağa oğlu, İbayev Vəfaddin Ələm oğlu və Quliyev Zakir Müslüm oğlu yenidən Ali Məhkəmənin hakimləri təyin edildilər.
Millət vəkilləri Rəşadət Əhməd oğlu Ağayevin də Şirvan Apellyasiya məhkəməsinin hakimi təyin edilməsinə razılıq verdilər.
Sonra deputatlar Azərbaycan Hökuməti ilə qardaş Türkiyə Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Sazişi, iki hökumət arasında texniki əməkdaşlıq haqqında Protokolu və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Sazişi təsdiq etdilər. Bildirildi ki, bu beynəlxalq sənədlər iki qardaş ölkənin münasibətlərinin daha da inkişafına xidmət edir.
Millət vəkilləri "Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında" Sazişi də təsdiqlədilər.
Sonra deputatlar Miqrasiya, Vergi, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər etdilər. Bildirildi ki, bu dəyişikliklər ölkəmizdə sənaye parklarının və kənd təsərrüfatının inkişafını stimullaşdırmaq, bəzi cinayətlərə görə törədilən əməlləri dekriminallaşdırmaq, həmçinin müəyyən inzibati xətalara görə onu törədən şəxslərin məsuliyyətini yüngülləşdirmək məqsədi ilə edilir.
Daha sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi ki, "Sosial sığorta haqqında" və "Gömrük tarifi haqqında" qanunlara təklif olunan dəyişikliklər Qaradağ Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2015-ci il tarixli Sərəncamının 4.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanmışdır.
"Banklar haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlara təklif olunan dəyişikliklər isə Mülki Məcəlləyə uyğunlaşdırma məqsədi daşıyır.
Sonra bu dörd qanuna təklif olunan dəyişikliklər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
İclasda "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirə edildi. Qanun layihəsi barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə birinci oxunuşdan sonra bir sıra qeyd və təkliflərin nəzərə alındığını, qanun layihəsinin dilinin sadələşdirildiyini diqqətə çatdırdı. Bildirdi ki, bu qanun ölkəmizdə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılan və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyəcəkdir.
Deputatlar qanun layihəsinin ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq onu səsə qoyaraq ikinci oxunuşda qəbul etdilər.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti