MİLLİ MƏCLİSDƏ DİNLƏMƏLƏR KEÇİRİLDİ
Mayın 13-də Milli Məclisdə İnsan hüquqları komitəsinin təşəbbüsü ilə “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” mövzusunda dinləmələr keçirildi. Tədbirdə Milli Məclisin deputatları, Milli Məclis Aparatının şöbə müdirləri, Prezident Administrasiyasının, Müdafiə, Xarici İşlər nazirliklərinin, Hərbi Prokurorluğun nümayəndələri, QHT-lərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirdilər.
Tədbiri açan Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda Ermənistan tərəfinin prosesi pozmağa, mövcud status-kvonu qoruyub saxlamağa çalışdığını diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycanın bütün istiqamətlərdə apardığı fəaliyyət nəticə verməkdədir. Artıq beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti, beynəlxalq ekspertlər, analitiklər bu münaqişəni region üçün çox ciddi bir təhlükə hesab edirlər. Bu münaqişənin həllinin vaxtı gəlib çatıb. Ermənistanın təmas xəttində törətdiyi təxribatlar, Ermənistan rəhbərliyinin cinayət əməlləri hamıya məlumdur. Vəziyyətin bu cür davam etməsi mümkün deyil.
Hazırda Ermənistan daxilində ictimai-siyasi mühitdə ziddiyyətli proseslər başlayıb. Ermənistanda bu müharibənin heç kəsə lazım olmadığı haqqında fikirlər get-gedə daha geniş yayılır. Bu da onu göstərir ki, Ermənistan vətəndaşları da bu münaqişənin həllinin uzanmasından yorulublar.
Bahar Muradova diqqətə çatdırdı ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr zamanı Azərbaycanın daha çox imkanlarının olduğu bir daha sübut edildi. Heç kəsdə şübhə qalmadı ki, regionun ən güclü ordusu Azərbaycan ordusudur.
Bahar Muradova bu dinləmələr zamanı alınacaq məlumatların parlament diplomatiyası vasitəsilə beynəlxalq təşkilatlarda təqdim edilməsinin vacibliyini vurğuladı.
Sonra çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov bildirdi ki, hazırda Azərbaycanın bütün resursları işğalın nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində mübarizəyə yönəlib. Münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları durur. Məqsədləri də işğalın nəticələrini dünya birliyinə tanıtdırmaqdır.
Nazir müavini diqqətə çatdırdı ki, 1994-cü ildə tərəflər arasında atəşkəs haqqında razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan dövri olaraq təxribat mexanizmindən istifadə edib. Danışıqlar prosesində beynəlxalq ictimaiyyətin iştirakı artan zaman təmas xəttində, sərhəddə geniş təxribatlar baş verir.
Ermənistan Azərbaycan ərazisində etnik təmizləmə həyata keçirərək bir sıra cinayətlər, həmçinin Xocalıda soyqırımı törədib. Bu ölkə ən azı Nürnberq prosesində olduğu kimi, törətdiyi cinayətlərə görə cavab verməlidir.
İnanırıq ki, münaqişə gec-tez öz həllini tapacaq və Azərbaycan torpaqları işğaldan azad olunacaqdır.
Sonra aprelin ilk günlərindəki döyüşlərdə düşmənin itkiləri barədə məlumat verən Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirdi ki, düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 döyüşçüsü öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi. Silahlı Qüvvələrin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi və bu, uğurla yerinə yetirildi.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi həmin əməliyyatlar zamanı Azərbaycanın hərbi qüvvələrinin çox az hissəsinin cəlb olunduğunu diqqətə çatdırdı. Düşmən isə Ermənistandakı bütün qüvvələrini bölgəyə cəlb etmişdi. Bununla belə, düşmənin səyləri heç bir nəticə vermədi.
Sonra çıxış edən Azərbaycan Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov bildirdi ki, Ermənistan Cenevrə Konvensiyasının tələblərini pozaraq mülki əhalini iri çaplı silahlarla və mərmilərlə atəşə tutmuş, sosial və mülki obyektlərə ciddi ziyan dəymişdir. Mülki əhali arasında 6 nəfər ölmüş, 25 nəfər xəsarət almışdır. Təmas xəttində yerləşən atəşə tutulmuş rayonların prokurorluq orqanlarında bu hadisələrlə əlaqədar olaraq 32 cinayət işi açılımış, istintaq gedir.
Sonra Azərbaycan Hərbi Prokurorluğunun nümayəndəsi Səfər Əhmədov Hərbi Prokurorluq tərəfindən görülmüş tədbirlərlə bağlı məlumat verdi. Bildirdi ki, ermənilərin törətdiyi hərbi cinayətlər Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsi tərəfindən araşdırılmaqdadır.
Daha sonra çıxış edən Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov son hadisələrlə bağlı Avropa Məhkəməsinə göndərilmiş şikayətlər və işlərin gedişi barədə tədbir iştirakçılarına məlumat verdi.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatları Səməd Seyidov, Aydın Mirzəzadə, Fəzail Ağamalı, Tahir Kərimli, Xanhüseyn Kazımlı, Milli Məclis Aparatının şöbə müdirləri Nizami Səfərov, Lətif Hüseynov, qeyri-hökumət təşkilatlarının nümayəndələri belə tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar. Çıxış edənlər bu cür dinləmələrin ermənilərin törətdiyi hərbi cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini qeyd etdilər.
Sonra xarici işlər nazirinin müavini Xələf Xələfov dinləmələrdə qaldırılan məsələlərə və verilən suallara aydınlıq gətirdi.
Tədbirə yekun vuran Milli Məclis Sədrinin müavini Bahar Muradova dinləmələrin çox faydalı olduğunu və burada açıqlanan məlumatlardan lazımi yerlərdə istifadə olunacağını diqqətə çatdırdı. Bildirdi ki, aprel ayının əvvəllərində baş vermiş hadisələr bir daha Azərbaycan xalqının öz Prezidentinin ətrafında sıx birləşdiyini və öz torpaqlarını azad etməyə hər an hazır olduğunu sübut etdi. Lakin münaqişənin sülh yolu ilə həlli limiti tükənmədiyi üçün məsələnin danışıqlar yolu ilə həllinə ümid edirik.
İnanırıq ki, tezliklə Azərbaycanın işğal olunmuş torpaqları azad ediləcək və doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimiz öz torpaqlarına dönəcəklər.
Milli Məclisin
Mətbuat xidməti