MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK və KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
16 may 2016 | 05:05   
Paylaşın:        

Mayın 16-da Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” məsələyə baxıldı. Qanun layihəsini Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov təqdim etdi.
Deputatlara məlumat verildi ki, qanunvericilik aktlarında hüquqi terminləri daha da konkretləşdirmək məqsədilə “Terrorçuluğa qarşı mübarizə haqqında” qüvvədə olan qanunun bir sıra maddələrində “terror aksiyaları” sözlərinin “terror aktları” sözləri ilə əvəz olunması təklif edilir. 
Qeyd olundu ki, Azərbaycan terrordan əziyyət çəkən, xüsusilə erməni terroruna dəfələrlə məruz qalmış ölkə kimi terrorizmə qarşı ardıcıl mübarizə aparır. Təəssüf ki, hələ də dünyada ikili standartlar hökm sürür və dünya dövlətləri təcavüzkar Ermənistanın ölkəmizdə törətdiyi terror aktlarına göz yumurlar.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri onu da vurğuladı ki, ölkəmiz beynəlxalq miqyasda terrorizmin qarşısının alınmasına da ciddi dəstək verir. Müstəqillik illərində Azərbaycan terrorçuluğa qarşı mübarizəyə dair bir çox beynəlxalq konvensiyalara qoşulub. Bu sahədə parlamentarilərin əsas vəzifəsi terrora qarşı mübarizənin qanunvericilik baxımından tənzimlənməsidir.
İclasda çıxış edən deputatlar Elman Məmmədov, Zahid Oruc, Hikmət Məmmədov, Aqil Abbas, komitə sədrinin müavini Aydın Mirzəzadə qanun layihəsini dəstəklədilər. Komitədə Dağlıq Qarabağ münaqişəsi ətrafında geniş fikir mübadiləsi aparıldı. Təkliflər səsləndi.
Müzakirələrin yekununda qanun layihəsi  Milli Məclisin plenar iclasına tövsiyə olundu.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU