İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
16 may 2016 | 06:05   
Paylaşın:        

Mayın 16-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova iclası açaraq gündəlik barədə məlumat verdi. Bildirildi ki, “Məlumat azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənəd müzakirə olunacaq.
Komitə sədri diqqətə çatdırdı ki, təklif olunan dəyişikliyə əsasən,  qanunun “Alınması məhdudlaşdırılan məlumat” adlı 10-cu maddəsinin birinci və ikinci hissələrində “terror aksiyalarına” sözləri “terror aktlarına” sözləri ilə əvəz edilir. Dəyişiklik “Məlumat azadlığı haqqında” qanunu “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanuna uyğunlaşdırmaq məqsədi ilə edilir.
Bahar Muradova çıxışında bildirdi ki, Azərbaycan terrora qarşı mübarizədə, insan hüquqlarının qorunması məsələsində ciddi mövqe tutur. Bu yaxınlarda Milli Məclisdə İnsan hüquqları komitəsinin təşəbbüsü ilə “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” mövzusunda dinləmələr keçirildi. Yığıncaqda Ermənistanın qoşunların təmas xəttində törətdiyi təxribatlar və ölkəmiz tərəfindən bunun qarşısının alınması barədə məlumat verildi. Qeyd edildi ki, belə tədbirlərin keçirilməsi insanların maarifləndirilməsi, habelə hərbi cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir. Bu gün dünya miqyasında  terrorizm təhlükəsinin artdığı üçün bu problem ayrı-ayrı dövlətlərin gücü ilə yox, beynəlxalq əməkdaşlıq nəticəsində həll edilə bilər.
Müzakirələr zamanı deputatlar Yevda Abramov, Elman Nəsirov, Əflatun Amaşov, Tahir Kərimli, Fazil Mustafa qanun layihəsi barədə fikirlərini açıqladılar, dəyişikliyin məqsədəuyğun olduğunu söylədilər,  qanun layihəsini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU