HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
17 may 2016 | 07:05   
Paylaşın:        
Mayın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitənin sədri Əli Hüseynli bildirdi ki, iclasın gündəliyinə dörd məsələ daxil edilmişdir. Bunlar “Dövlət qulluğu haqqında” Qanuna, Cəzaların İcrası və Cinayət məcəllələrinə dəyişikliklər və Hümbət Səlimovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi barədədir.
“Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişikliklər barədə məlumat verən Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini Seyid Hacı Mirhəşim bildirdi ki, müzakirələrdən sonra deputatların bir sıra təklifləri nəzərə alınmışdır. Belə ki, “Dövlət qulluqçusunun əlavə təhsili”, “Dövlət qulluğuna qəbul”, “İnzibati vəzifələrin tutulması”, “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi”, “Dövlət qulluğuna xitam verilməsi” adlı maddələr yeni redaksiyada verilir, bəzi maddələr ləğv olunur və “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” adlı 28-1 saylı yeni maddə əlavə edilir. 
Qeyd olundu ki, təklif olunan bu dəyişikliklərin məqsədi dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsindən, dövlət qulluğuna qəbulun və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsinin səmərəliliyinin artırılmasından ibarətdir.
Çıxış edən komitə üzvləri Çingiz Qənizadə, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Rəfael Cəbrayılov və Tahir Kərimli təklif olunan dəyişikliklər barədə fikirlərini bildirdilər. Sonra “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
Komitə sədri Əli Hüseynli Hümbət Qamuna oğlu Səlimovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi barədə məsələni, həmçinin Cəzaların İcrası və Cinayət məcəllələrinə təklif olunan redaktə xarakterli dəyişiklikləri də diqqətə çatdırdı. 
Komitə üzvləri hər üç məsələnin Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunmasına razılıq verdilər.
Bununla da Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU