MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 17-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə yaz sessiyasının növbəti plenar iclası keçirildi. 27 məsələdən ibarət gündəlik təsdiqləndi.
Öncə iclasda “Azərbaycan Respublikası Milli Məclisinin komitələrinin tərkibində dəyişikliklər edilməsi haqqında” məsələyə baxıldı. Deputat Sona Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyündən azad edilərək İnsan hüquqları komitəsinin üzvü seçildi.
Sonra parlament “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolu, “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumu və “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişi təsdiq etdi.
İclasda məlumat verildi ki, “İnzibati icraat haqqında” qanunda edilmiş dəyişikliklərlə əlaqədar olaraq bir sıra qanunvericilik aktlarında dəyişikliklər edilməsi zərurəti meydana çıxıb. Azərbaycan Prezidentinin 15 dekabr 2014-cü il tarixli Sərəncamına əsasən, qüvvədə olan 9 qanunda – sanitariya-epidemioloji salamatlıq, prokurorluq və ədliyyə orqanlarında qulluq keçmə, fövqəladə hallar orqanlarında xidmət keçmə, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunlarda, Cəzaların İcrası və Miqrasiya məcəllələrində, həmçinin bələdiyyələrin vergi xidməti orqanı haqqında və miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamələrdə müvafiq dəyişikliklər edilməsinə dair qanun layihələri hazırlanıb.
Milli Məclisə zərf halında təqdim olunmuş həmin layihələr barədə deputatlara Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Milli Məclisin I vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdilər.
Fikir mübadiləsi aparıldı. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Meşə Məcəlləsində dəyişiklik edilməsinə dair qanun layihəsi barədə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun məlumatı dinlənildi. Bildirildi ki, meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyəti nəzərdə tutan 79-cu maddəyə təklif olunan dəyişiklik bu Məcəlləni İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi daşıyır. Parlament qanunun qəbulunu məqsədəuyğun saydı.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deputatların nəzərinə çatdırdı ki, “Hesablama Palatası haqqında” qanuna təklif olunan dəyişiklik “Azərbaycan Respublikası Milli Məclisinin bəzi komitələrinin yenidən təşkil edilməsi və yeni komitələrinin yaradılması haqqında” parlamentin 24 noyabr 2015-ci il tarixli qərarına müvafiq olaraq, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna uyğunlaşdırılma məqsədilə hazırlanıb. Deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.
Milli Məclis “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 17.4-cü maddəsində dəqiqləşdirmə aparılması məqsədilə olunan redaktə xarakterli dəyişikliyi də təsdiq etdi.
Komitə sədri Əli Hüseynli Milli Məclisə məlumat verdi ki, ötən ilin 6 oktyabrında İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrinə edilmiş dəyişikliklə əlaqədar iki qanun layihəsində uyğunlaşdırma aparmaq zərurəti yaranıb. Bununla bağlı olaraq “İcra məmurları haqqında” qanunun 11-ci maddəsinə və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunun 26-cı maddəsinə aşağıdakı məzmunda əlavə təklif olunur: “Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.” Layihəyə görə, icra məmuru həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə də nəzarət etməlidir.
Hər iki qanun layihəsi səsə qoyuldu və qəbul edildi.
Plenar iclas Cinayət Məcəlləsində və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunda dəyişikliklər edilməsinə razılıq verdi.
Bildirildi ki, Əmək Məcəlləsində qısaldılmış iş vaxtına dair maddəyə edilən dəyişiklik ölkəmizdə ailə öhdəliklərinə daha dəqiq əməl olunmasına xidmət edəcək. Səsvermə zamanı deputatlar bu dəyişikliyi mütərəqqi addım kimi dəyərləndirdilər.
İclasda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” qanunda, həmçinin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi barədə məsələlərə baxıldı. Qanun layihələri səsvermə yolu ilə qəbul olundu.
Məlumat verildi ki, İnzibati Xətalar Məcəlləsində 43-cü və 438-ci maddələrə təklif olunan dəyişikliklər bir il öncə Mülki Məcəllədə aparılmış dəyişikliklərlə əlaqədardır. Deputatlar təklif olunan dəyişikliyi məqsədəuyğun saydılar.
Milli Məclis beynəlxalq yükdaşımalarla əlaqədar Vergi Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsinə də baxdı. Komitə sədri Ziyad Səmədzadə bildirdi ki, hər iki qanun yeni iqtisadi şəraitə uyğun olaraq, Azərbaycanda iqtisadiyyatın dinamik inkişafını təmin etmək məqsədilə hazırlanıb. Bu qanunların qəbul edilməsi dəmir yolu ilə daşınan tranzit yüklərin həcmini artırmaqla yanaşı, Dövlət büdcəsinin itirəcəyi dövlət rüsumu müqabilində “Azərbaycan Dəmir yolları” QSC-nin gəlirlərini xeyli artıracaq və bu nəinki dövlət büdcəsinin itkisini artıqlaması ilə kompensasiya edəcək, həmçinin ümumən Azərbaycan iqtisadiyyatının inkişafına, ölkəmizin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində rolunun artırılmasına böyük töhfə verəcək.
Parlament yol vergisinin tutulması ilə əlaqədar Vergi Məcəlləsinin 212-ci maddəsinə 212.6-cı maddənin əlavə olunmasını, həmçinin ölkəmizin ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulmasına dair müvafiq qanunun 25-ci maddəsinin yeni redaksiyada verilməsini məqsədəuyğun saydı.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli cəmiyyətin çoxdan gözlədiyi, ikinci oxunuşda müzakirəyə çıxarılmış “Elm haqqında” qanun layihəsinin təkmilləşdirilmiş variantı barədə ətraflı məlumat verdi. Sənəd ikinci oxunuşda əsas kimi qəbul olundu və müzakirələr başlandı.
Geniş fikir mübadiləsində deputatlar yeni qanun layihəsini müasir tələblərə və beynəlxalq standartlara cavab verən sənəd kimi yüksək dəyərləndirdilər. Vurğulandı ki, layihə müəllifləri çox böyük işin öhdəsindən layiqincə gəliblər. Birinci oxunuşdan sonra sənədin əhəmiyyətli dərəcədə təkmilləşdiyi xüsusi qeyd olundu. Bildirildi ki, cəmiyyət həyatının bütün sahələrinin inkişafını özündə ehtiva edən bu qanun ölkəmizdə elmin nüfuzunun artmasına və elmi fəaliyyətin maliyyələşməsinə mühüm töhfələr verəcək.
Müzakirələrdən sonra “Elm haqqında” qanun layihəsi öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyularaq ikinci oxunuşda qəbul olundu.
İş gününün yekununda Milli Məclis Sədrinin I müavini Ziyafət Əsgərov parlamentin diqqətinə çatdırdı ki, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban xanım Əliyeva 28 May – Respublika günü münasibətilə amnistiya aktı ilə Milli Məclisə müraciət edib. Bu, Mehriban xanımın, Heydər Əliyev Fondunun amnistiya ilə bağlı Azərbaycan parlamentinə dördüncü müraciətidir. Nəzərdə tutulduğuna görə, bu amnistiya aktının təsir dairəsinə 10 min nəfər düşəcək. Həmin şəxslərin 3 min 500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad olunacaq.
Deputatlar xalqımızı bayram ərəfəsində sevindirəcək yeni amnistiya aktına görə Mehriban xanım Əliyevaya minnətdarlıqlarını alqışlarla bildirdilər.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti