AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
19 may 2016 | 11:05   
Paylaşın:        

Mayın 18-də  Milli Məclisin Aqrar  siyasət  komitəsinin növbəti  iclası  keçirildi.
Komitə sədri Eldar  İbrahimov  bildirdi ki, iclasın gündəliyinə “Kənd  təsərrüfatı  kooperasiyası  haqqında”  qanun  layihəsinin ikinci  oxunuşda  müzakirəsi daxil edilib.  Komitə  sədri  qanunun  birinci  oxunuşda  müzakirəsindən  sonra  sənədin xeyli   təkmilləşdirildiyini, 4  aya  yaxın bir  müddət  ərzində   işçi  qrupu   tərəfindən  qanun layihəsi  üzərində  iş  aparıldığını, layihəyə 6  yeni  maddə, 50-dən  artıq  yeni  müddəanın  salındığını  vurğuladı. Qeyd  olundu ki, qanun layihəsi kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafının,  kooperativlərin təşkilinin və fəaliyyətinin  hüquqi  və iqtisadi  əsaslarını  müəyyənləşdirmək məqsədilə  hazırlanıb.
Milli Məclis Aparatının İqtisadi  qanunvericilik şöbəsinin müdir müavini - Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə sənədi ətraflı şərh  etdi. Qeyd  olundu ki, kooperativlər kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı, satışı və s. ilə bağlı birgə təsərrüfat fəaliyyətini həyata keçirmək, üzvlərin maddi və sosial tələblərini ödəmək məqsədi ilə yaradılır. Bildirildi ki, sənədə əsasən dövlət və bələdiyyə  orqanlarının kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində vəzifələri müəyyənləşdirilib.
Çıxış  edən  millət  vəkilləri Eldar  Quliyev, Hüseynbala  Mirələmov, Novruzəli Aslanov, Aydın Hüseynov,  Kənd  Təsərrüfatı  və İqtisadiyyat və sənaye nazirliklərinin nümayəndələri kənd təsərrüfatının  inkişafı  istiqamətində  sənədin çox əhəmiyyətli olacağını  bildirdilər, yeni  təkliflər  səsləndirdilər. 
Müzakirələrdən  sonra  qanun layihəsi  Milli Məclisin plenar iclasına  tövsiyə olundu.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU