MİLLİ MƏCLİS AMNİSTİYA AKTINI QƏBUL ETDİ

Tədbirlər
20 may 2016 | 05:05   
Paylaşın:        
Mayın 20-də Milli Məclisin növbəti iclası keçirildi. 
İclası açan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, 1995-ci ildən indiyədək ölkəmizdə 61 əfv fərmanı, 10 amnistiya aktı qəbul edilib. Bu, hər şeydən əvvəl Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. İndiyə qədər amnistiya aktlarından üçü Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilib. Bir neçə gün əvvəl isə ölkənin birinci xanımı Mehriban Əliyeva dördüncü amnistiya aktının qəbul olunması təşəbbüsü ilə Milli Məclisə müraciət edib.
28 may – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi barədə danışan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva bildirdi ki, 2007-ci ildən başlayaraq Fondun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilib. Heydər Əliyev Fondunun prezidenti 2007-ci, 2009-cu və 2013-cü illərdə Fondun təşəbbüsünü dəstəkləyən və minlərlə insana azadlıq bəxş edən həmkarlarına minnətdarlıq etdi.
Mehriban Əliyeva diqqətə çatdırdı ki, Heydər Əliyev Fondu özünün 12 illik fəaliyyəti ilə həm ölkəmizdə, həm də xaricdə böyük hörmət və inam qazanmış bir təşkilatdır. Fond hər bir addımında, fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək etməyə çalışır. Təsadüfi deyil ki, bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər və biz bu ümidi daim doğrultmağa çalışmışıq. Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır.
Onları bağışlamaq, yeni şans vermək, həyatlarında başqa yolu -  cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşma prinsipləri ilə qurulan yeni ömür yolunu vermək deməkdir. Hər bir cinayət törədən insan öz səhvlərini dərk etməli və gələcəkdə bu səhvlərə yol verməməlidir. Eyni zamanda, həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara normal həyat tərzi qurmağa yardım etməliyik. 
Amnistiya aktının layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər cəzadan azad ediləcəkdir. Bundan əlavə, bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, yetkinlik yaşına çatmayanlar, əlillər, qoca və ahıllar, öhdəsində yetkinlik yaşına çatmayan və ya əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəkdir. 
Mehriban Əliyeva xüsusilə diqqətə çatdırdı ki, Amnistiya aktı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxsləri, həmçinin bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarını əhatə edəcəkdir.  
Bundan başqa, islah işləri, ictimai işlər, cərimə cəzalarına məhkum edilmiş şəxslərə də Amnistiya şamil ediləcəkdir. Ümumilikdə on min məhkumun amnistiya aktının təsiri altına düşəcəyi, onlardan 3500-ə yaxın şəxsin cəzaçəkmə müəssisələrindən azad ediləcəyi gözlənilir.
Mehriban xanım onu da qeyd etdi ki, hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm  öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar ki, o cəmiyyət inkişaf etmiş və uğurlu cəmiyyətdir. 
Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil, mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etmək tələbidir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz onlara yenidən cəmiyyətdə öz yerlərini tutmalarına, layiqli həyat yaşamalarına şans verməliyik. Əminəm ki, amnistiya aktı bir daha Azərbaycan dövlətinin gücünü nümayiş etdirəcəkdir. 
Mehriban xanım Əliyeva çıxışının sonunda amnistiya şamil olunacaq şəxslərin cəmiyyətimizin layiqli vətəndaşları olmaq şanslarını istifadə edəcəklərinə  ümidvar olduğunu diqqətə çatdırdı.
Sonra 28 may – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi barədə danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli amnistiya tətbiq ediləcək şəxslərin əhatə dairəsi barədə məlumat verdi. Bildirdi ki, təhlillərə əsasən bu qruplara düşən şəxslərə amnistiya tətbiq edildiyi halda 3,5 min şəxsin azadlıqdan məhrum etmə cəzasından azad edilməsi gözlənilir.
Bundan əlavə, dörd ildən artıq olmayan müddətə azadlıqdan məhrum edilmiş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi altı aydan artıq olduqda yerdə qalan cəza altı ay azaldılacaqdır.
Həmçinin 2 min manatadək məbləğdə cərimə cəzasına məhkum edilmiş və bu cəriməni ödəyə bilməyən şəxslərin cəzadan azad edilməsi təklif edilir.
Eyni zamanda, islah işləri, ictimai işlər, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş bütün şəxslərin bu cəzalardan azad edilməsi təklif edilir. 
Amnistiya qərarının ikinci hissəsi özündə məhdudiyyətləri ehtiva edir ki, bu da cinayətin xarakterinə və ictimai təhlükəsizlik dərəcəsinə görə nəzərə alınmalıdır. 
Əli Hüseynli diqqətə çatdırdı ki, qərar 2016-cı il 15 iyun tarixindən qüvvəyə minəcəkdir. Qərarın ümumi icra müddəti isə 4 aydır.
Sonra çıxış edən deputatlar Xanhüseyn Kazımlı, Fərəc Quliyev, Zahid Oruc, Rafael Cəbrayılov, Çingiz Qənizadə, Səyavuş Novruzov, Qənirə Paşayeva, Fəzail İbrahimli, Bəxtiyar Əliyev və Musa Qasımlı  əmin olduqlarını bildirdilər ki, 28 may - Respublika günü münasibətilə elan edilən bu amnistiya vətəndaşlarımızın Azərbaycan dövlətinə sədaqət və qanunlara hörmət ruhunda formalaşmasına öz töhfəsini verəcək, insanların haqqa,  ədalətə inamını daha da möhkəmləndirəcəkdir. 
Sonra 28 may – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edildi.
İclasa yekun vuran Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bu humanist təşəbbüsə görə deputatlar adından  Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya təşəkkürünü bildirdi, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı.
Bununla da Milli Məclisin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU