İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Mayın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi.
Əvvəlcə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə baxıldı. Komitə sədri Ziyad Səmədzadə 2015-ci ilin Azərbaycan iqtisadiyyatı üçün uğurlu illərdən biri olduğunu bildirdi. Qeyd edildi ki, qanuna uyğun olaraq hər ilin may ayında dövlət büdcəsinin icrası haqqında sənəd Milli Məclisə təqdim olunaraq müzakirə edilir. Daxil olan sənəddən görünür ki, bu il də iqtisadi çətinliklərə baxmayaraq sosial proqramların icrası dayandırılmayıb. Xarici öhdəliklər vaxtında yerinə yetirilib. Hökumətin 2015-ci ildə aparılan siyasəti yüksək qiymətləndirilməlidir.
Sonra Maliyyə naziri Samir Şərifov çıxış edərək məqsədyönlü iqtisadi siyasət nəticəsində 2015-ci ildə də makroiqtisadi sabitliyə, qeyri-neft sektorunun artım sürətinə nail olunduğunu vurğuladı. Bildirildi ki, əhalinin yaşayış səviyyəsi və pul gəlirləri, ölkənin beynəlxalq aləmdə reytinqi artıb, Azərbaycanın regionda iqtisadi mövqeyi daha da möhkəmlənib. Bu nailiyyətlər dünya iqtisadiyyatında mövcud olan qeyri-sabitlik şəraitində qazanılmışdır.
Qeyd olundu ki, müzakirəyə təqdim edilən qanun layihəsində dövlət büdcəsinin icra vəziyyəti ilə bağlı göstəricilər tam əks olunub. Belə ki, ilkin olaraq büdcədə neftin qiyməti 90 dollar götürülsə də, dünya bazarında orta qiymət 53,6 dollar olduğundan dövlət büdcəsinin gəlirlərində azalmaya müşahidə olunub. “2015-ci il icmal büdcənin gəlirləri 20716,8 mln. manat proqnoza qarşı 18 mlrd. 416 mln. manat və ya 88,9%, xərcləri isə 25 mlrd. 911 mln. manat proqnoza qarşı 21014,7 mln. manat və ya 81,1% icra olunub. 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat proqnoza qarşı 90% icra olunaraq 17 mlrd. 498 mln. manat olub. Bu göstərici 2014-cü illə müqayisədə 902,6 mln. manat və ya 4,9% azdır.
2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 8 mlrd. 130 mln. manatı və ya 46,5%-i Dövlət Neft Fondundan transfertin, 7 mlrd. 118,3 mln. manatı və ya 40,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 mlrd. 591,9 mln. manatı və ya 9,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 657,8 mln. manatı və ya 3,7%-i digər mənbələr üzrə daxilolmaların payına düşür. 2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar nəzərdə tutulduğundan 6,3 mln. manat və ya 0,1%, 2014-cü illə müqayisədə isə 4,6 mln. manat (0,1%) çox icra olunub. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 590 mln. manat proqnoza qarşı 1 mlrd. 591,9 mln. manat və ya 100,1% icra olunub ki, bu da 2014-cü illə müqayisədə 81,1 mln. manat (5,4%) çoxdur”.
Maliyyə naziri çıxışında onu da vurğuladı ki, 2015-ci ilin ortalarından etibarən dövlət büdcəsinin xərcləri ilə bağlı qənaətə başlanılıb, əsasən sosial xərclərin icra edilməsinə üstünlük verilib. 2015-ci ildə ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasəti davam etdirilib. 2015-ci il dövlət büdcəsinin xərcləri 21 mlrd. 100 mln. manat proqnoza qarşı 17 mlrd. 784,5 mln. manat və ya 84,3% icra edilib.
İclasda Hesablama Palatası büdcənin icrasına rəy verdi. Palatanın sədri Vüqar Gülməmmədov vurğuladı ki, ötən il dünya iqtisadiyyatında sistemli böhranın davam etdiyi bir şəraitdə ölkəmiz davamlı iqtisadi inkişaf tempini qoruyub saxlaya bilib. Onun sözlərinə görə, ötən il dünya bazarında enerji resurslarının qiymətinin aşağı düşməsi tədiyyə balansında kəsirə səbəb olub və əvvəlki illərlə müqayisədə orta illik inflyasiya səviyyəsinin artmasına gətirib çıxarıb. Düşünülmüş iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafının diqqətdə saxlanılması ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclər tam reallaşdırılıb. Əvvəlki illərlə müqayisədə debitor borcların həcmi azalıb. Vüqar Gülməmmədov dövlət büdcəsinin əsas parametrləri haqqında da məlumat verib.
Müzakirələr zamanı çıxış edən millət vəkilləri Vahid Əhmədov, Əli Məsimli, Aydın Hüseynov, İqtisadiyyat və sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Gömrük Komitəsinin nümayəndələri “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin qanunvericiliyə uyğun hazırlandığını söylədilər.
Sonra iclasda “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi keçirildi. Bildirildi ki, sənədin əvvəlki müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflərə yenidən baxılıb, bir sıra təkliflər sənəddə öz əksini tapıb.
Müzakirələrdən sonra hər iki sənəd Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti