İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Komitə iclasları
25 may 2016 | 07:05   
Paylaşın:        

Mayın 25-də İnsan hüquqları komitəsinin növbəti iclası keçirildi. Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova iclasın 28 May Respublika günü ərəfəsinə təsadüf etdiyini vurğuladı, təbriklərini çatdırdı.  Bildirildi ki, bu tarixi gün Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ərazi bütövlüyünün təmin olunması kimi ölkəmizdə hər il əlamətdar hadisə olaraq  qeyd edilir.
Sonra Bahar Muradova gündəlikdəki məsələləri diqqətə çatdıraraq dedi ki, dövlət başçısı tərəfindən Milli Məclisə “Vətəndaşların müraciətləri haqqında” 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi ilə əlaqədar bir sıra qanunlarda dəyişikliklər edilməsi barədə 4 sənəd daxil olub. Qeyd olundu ki, dəyişikliklər ayrı-ayrı qurumlarla vətəndaşlar arasında münasibətlərin daha effektiv qurulması və şəffaflığın təmin edilməsinə xidmət edir.
Komitə sədri əvvəlcə “Vətəndaşların müraciətləri haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı layihə barədə məlumat verdi. Qeyd edildi ki,  “Ətraf mühitə dair informasiya almaq haqqında” qanunun 2-ci maddəsində, “İnformasiya əldə etmək haqqında” qanunun  4.2.3-cü maddəsində, “İctimai iştirakçılıq haqqında” qanunun 11.2-ci maddəsində “Vətəndaşların müraciətlərinə baxılması qaydası” sözləri  “Vətəndaşların müraciətləri” ifadəsi ilə əvəz edilir.
Məsələ ilə bağlı açıqlama verən Parlament Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov söylədi ki, 2015-ci ildə  “Vətəndaşların müraciətləri haqqında” yeni qanun qəbul edildi. Bununla da, 1997-ci ildə qəbul edilmiş “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanun qüvvədən düşmüş hesab edildiyinə görə normativ aktlar arasında hüquqi uyğunluğu təmin etmək üçün müvafiq dəyişikliklər edilib. 
Gündəlikdəki digər məsələlər barədə Aparatın İnzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov məlumat verdi. Bildirildi ki, İnzibati Xətalar Məcəlləsinə vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına dair 594-1-ci maddənin əlavə edilməsi təklif olunur. Maddədə verilən müraciətin qəbul edilməməsinə, müraciətlərin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən şikayət edilən orqana göndərilməsinə, vətəndaşların qəbulunun qanunauyğun təşkil olunmamasına, habelə dövlət orqanlarının, vəzifəli şəxslərin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, digər ictimai birliklərin, ayrı-ayrı vətəndaşların fəaliyyətinin tənqid edilməsi ilə bağlı, vətəndaşların hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilməsi və ya onların yüz manat, hüquqi şəxslərin isə iki yüz manat məbləğində cərimə olunması nəzərdə tutulub.
Növbəti məsələ ilə bağlı bildirildi ki, “Hərbi qulluqçuların statusu haqqında” qanuna redaktə xarakterli dəyişiklik edilib. Yəni, qanunun  22-ci maddəsinin dördüncü hissəsində “15 gün” sözləri “15 iş günü” sözləri ilə əvəz olunur.
Daha sonra iclas iştirakçılarının diqqətinə çatdırıldı ki, “Prokurorluq haqqında” qanunun 20 maddəsinə bir sıra dəyişikliklər təklif olunur. Belə ki, maddənin 4-cü bəndi yeni redaksiyada verilir. Burada deyilir ki, prokurorluq orqanlarında “Vətəndaşların müraciətləri” haqqında qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verməyən anonim müraciətlər qəbul edilmir və onlara baxılmır. Həmçinin, maddəyə yeni 5-ci və 6-cı hissələr əlavə edilir. Əlavəyə əsasən, dövlət orqanının qanunazidd hərəkəti barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu qanuna və “Vətəndaşların müraciətləri haqqında” qanunun 12.6-cı maddəsinə uyğun olaraq baxılır.
Müzakirələr zamanı çıxış edən komitə üzvləri Əflatun Amaşov, Flora Qasımova, Tahir Kərimli, Elman Nəsirov, Hikmət Məmmədov təqdim olunan məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini söylədilər, rəy və təkliflərini bildirdilər.
Tədbirin sonunda qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alındı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU