MİLLİ MƏCLİSİN YAZ SESSİYASININ SON İCLASI KEÇİRİLDİ
Mayın 31-də Milli Məclisin 2016-cı ilin yaz sessiyasının son iclası keçirildi. İclası parlamentin Sədri Oqtay Əsədov açdı. Gündəliyin təsdiqindən sonra Oqtay Əsədov 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə parlamentin iclasında iştirak edən bir qrup uşağın timsalında bütün Azərbaycan uşaqlarını təbrik etdi, onlara gələcək həyatlarında və təhsildə uğurlar arzuladı.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı.
İclasda “Hümmət Qamuna oğlu Səlimovun Şəki Appelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi” barədə məsələ ilə əlaqədar Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirildi ki, bu, Səlimovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədardır. Millət vəkillərinin razılığından sonra sənəd təsdiq edildi.
Sonra “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olundu. Sənədi ətraflı şərh edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə 2015-ci ilin Azərbaycan iqtisadiyyatı üçün uğurlu illərdən biri olduğunu bildirdi. Qeyd edildi ki, qanuna uyğun olaraq hər ilin may ayında dövlət büdcəsinin icrası haqqında sənəd Milli Məclisə təqdim olunaraq müzakirə edilir. Daxil olan sənəddən görünür ki, bu il də iqtisadi çətinliklərə baxmayaraq sosial proqramların icrası dayandırılmayıb. Xarici öhdəliklər vaxtında yerinə yetirilib. Hökumətin 2015-ci ildə aparılan siyasəti yüksək qiymətləndirilməlidir. Qeyd olundu ki, müzakirəyə təqdim edilən qanun layihəsində dövlət büdcəsinin icra vəziyyəti ilə bağlı göstəricilər tam əks olunub. Komitə sədri çıxışında onu da vurğuladı ki, 2015-ci ilin ortalarından etibarən dövlət büdcəsinin xərcləri ilə bağlı qənaətə başlanılıb, əsasən sosial xərclərin icra edilməsinə üstünlük verilib.
İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov vurğuladı ki, ötən il dünya iqtisadiyyatında sistemli böhranın davam etdiyi bir şəraitdə ölkəmiz davamlı iqtisadi inkişaf tempini qoruyub saxlaya bilib. Onun sözlərinə görə, ötən il dünya bazarında enerji resurslarının qiymətinin aşağı düşməsi tədiyyə balansında kəsirə səbəb olub və əvvəlki illərlə müqayisədə orta illik inflyasiya səviyyəsinin artmasına gətirib çıxarıb. Düşünülmüş iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafının diqqətdə saxlanılması ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclər tam reallaşdırılıb. Əvvəlki illərlə müqayisədə debitor borcların həcmi azalıb. Vüqar Gülməmmədov dövlət büdcəsinin əsas parametrləri haqqında da məlumat verib.
Müzakirələr zamanı çıxış edən millət vəkilləri Zahid Oruc, Əli Məsimli, Elmira Axundova, Fazil Mustafa, Astan Şahverdiyev, Qənirə Paşayeva, Tahir Kərimli, Əflatun Amaşov, Fərəc Quliyev, Ağalar Vəliyev, Şəmsəddin Hacıyev, Aydın Hüseynov “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin qanunvericiliyə uyğun hazırlandığını söylədilər, onları maraqlandıran sualları səsləndirdilər.
Sonra Maliyyə naziri Samir Şərifov çıxış edərək məqsədyönlü iqtisadi siyasət nəticəsində 2015-ci ildə də makroiqtisadi sabitliyə, qeyri-neft sektorunun artım sürətinə nail olunduğunu vurğuladı. Bildirildi ki, əhalinin yaşayış səviyyəsi və pul gəlirləri, ölkənin beynəlxalq aləmdə reytinqi artıb, Azərbaycanın regionda iqtisadi mövqeyi daha da möhkəmlənib. Bu nailiyyətlər dünya iqtisadiyyatında mövcud olan qeyri-sabitlik şəraitində qazanılmışdır. Nazir millət vəkillərini maraqlandıran suallara aydınlıq gətirdi. Sənəd səsvermə yolu ilə təsdiqləndi.
Sonra Ziyad Səmədzadə “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi barədə məlumat verdi. Üçüncü oxunuşda müzakirəsi keçirilən sənədin əvvəlki müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflərə yenidən baxıldığı, bir sıra təkliflərin sənəddə öz əksini tapdığı vurğulandı. Sənəd səsə qoyularaq qəbul edildi.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri müavini Aydın Mirzəzadə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə sənəd haqqında məlumat verdi. Bildirildi ki, qanun layihəsinin müvafiq maddəsində “Xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində” sözləri “xarici ölkələrdə” sözləri ilə əvəz ediləcək.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cəzaların İcrası və Cinayət məcəllələrinə təklif olunan redaktə xarakterli dəyişiklikləri diqqətə çatdırdı. Hər iki sənəddə edilən dəyişikliklər məqbul hesab edildi.
İclasda “Məlumat azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənəd müzakirə edildi. Sənədə təklif olunan dəyişikliyə əsasən, qanunun “Alınması məhdudlaşdırılan məlumat” adlı 10-cu maddəsinin birinci və ikinci hissələrində “terror aksiyalarına” sözləri “terror aktlarına” sözləri ilə əvəz edilir. Dəyişiklik “Məlumat azadlığı haqqında” qanunu “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanuna uyğunlaşdırmaq məqsədi ilə edilir. Sənəd səsə qoyularaq qəbul edildi.
“Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” məsələnin müzakirəsində bildirildi ki sənədə edilən dəyişikliklər texniki xarakterlidir. Belə ki, qanunvericilik aktlarında hüquqi terminləri daha da konkretləşdirmək məqsədilə “Terrorçuluğa qarşı mübarizə haqqında” qüvvədə olan qanunun bir sıra maddələrində “terror aksiyaları” sözləri “terror aktları” sözləri ilə əvəz olunur.
Sənəd yekdilliklə səsə qoyularaq qəbul edildi.
Sonra “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişikliklər barədə məlumat verən Əli Hüseynli bildirdi ki, sənədin əvvəlki oxunuşda müzakirəsindən sonra deputatların bir sıra təklifləri nəzərə alınmışdır. Belə ki, “Dövlət qulluqçusunun əlavə təhsili”, “Dövlət qulluğuna qəbul”, “İnzibati vəzifələrin tutulması”, “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi”, “Dövlət qulluğuna xitam verilməsi” adlı maddələr yeni redaksiyada verilir, bəzi maddələr ləğv olunur və “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” adlı 28-1 saylı yeni maddə əlavə edilir. Qeyd olundu ki, təklif olunan bu dəyişikliklərin məqsədi dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsindən, dövlət qulluğuna qəbulun və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsinin səmərəliliyinin artırılmasından ibarətdir. Sənəd səsə qoyularaq qəbul edildi.
Sonra iclasda “Kənd təsərrüfatının kooperasiyası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Sənəd haqqında məlumat verən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, qanunun birinci oxunuşda müzakirəsindən sonra sənəd xeyli təkmilləşdirilib, qanun layihəsinə 6 yeni bənd, 50-dən artıq yeni müddəa daxil edilib. Qeyd olundu ki, sənəd kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafının, kooperativlərin təşkilinin və fəaliyyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirmək məqsədilə hazırlanıb. Bu kooperativlər kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı və satışı ilə bağlı birgə təsərrüfat fəaliyyətini həyata keçirmək, üzvləri istehsal vasitələri və maddi-texniki resurslarla təmin etmək, onların iqtisadi, sosial və digər tələblərini ödəmək məqsədi ilə xidmət göstərmək üçün yaradılır. Bildirildi ki, sənədə əsasən dövlət və bələdiyyə orqanlarının kənd təsərrüfatı kooperasiyası sahəsində vəzifələri də artırılıb. Sənəd səsə qoyularaq qəbul edildi.
İclasdakı son iki məsələ - “Məhkəmələr və hakimlər haqqında” qanunda və Mülki Məcəllədə edilən dəyişikliklərlə əlaqədar Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Qeyd edildi ki, hər iki sənəd Ali Məhkəmə tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim edilib. “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklik 86-cı maddədə hakimin səlahiyyəti bitdikdə onun müavinləri tərəfindən əvəz edilə bilməsi ilə bağlıdır. Maddəyə həmçinin, “Hakim öz vəzifəsini yerinə yetirə bilmədikdə” və ya “hakim vəzifəsi vakant olduqda” sözləri əlavə edilir. Mülki Məcəllədə edilən dəyişikliklərə əsasən sənədin 218.3-cü maddəsində “satıcının” sözü “alıcının” sözü ilə əvəzlənəcək. 740-cı maddə isə “3000 manatdan yuxarı məbləğdə bağlanan borc müqaviləsi yazılı formada olmalıdır” məzmunlu redaksıyada veriləcək. Hər iki sənəd səsvermə yolu ilə təsdiqləndi.
Milli Məclis Sədri Oqtay Əsədov 76 nəfər millət vəkilinin müraciəti əsasında parlamentin növbədənkənar sessiyanın çağırılacağını söylədi və Milli Məclisin yaz sessiyasını bağlı elan etdi. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və Milli Məclisin yaz sessiyası öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti