İŞÇİ QRUP MİLLİ MƏCLİSDƏ TOPLAŞDI
İyunun 1-də İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvləri növbəti dəfə Milli Məclisdə toplaşdılar. İclasda dövlət nümayəndələri, deputatlar, vətəndaş cəmiyyətinin və mətbuatın təmsilçiləri iştirak edirdilər.
İşçi Qrupun həmsədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclası açaraq bildirdi ki, İşçi Qrupun fəaliyyətinə mühüm əhəmiyyət verilir. Bu qrupun qaldırdığı məsələlər dövlət orqanlarında ciddi təhlil olunur və nəzərə alınır. Belə ki, ötən ilin dekabrında keçirilən son iclasdan az sonra Azərbaycan Prezidenti dekabrın 28-də növbəti əfv fərmanını imzaladı. Dövlət başçısının bu addımı onun humanist siyasətinin təzahürüdür.
Son illərdə Prezident İlham Əliyevin imzaladığı əfv fərmanları sayəsində yüzlərlə məhbusun azadlığa çıxaraq cəmiyyətdə öz yerini tutduğunu qeyd edən həmsədr bir neçə gün əvvəl Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə qəbul olunan və on min məhbusa şamil edilən növbəti amnistiya aktını da yada saldı.
S.Seyidov bildirdi ki, indiyədək bəzi qüvvələr insan haqları məsələsini Azərbaycana qarşı daimi təzyiq alətinə çevirmişdilər. Lakin ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində atılan addımlar, ölkə prezidentinin mütəmadi əfv fərmanları, amnistiya qərarları onların iddialarını və təzyiq alətlərini əllərindən çıxarmış oldu. AŞPA Monitorinq Komitəsinin son iclasında çıxış edən hər kəs Azərbaycanda demokratik islahatların keçirildiyini, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində önəmli addımlar atıldığını vurğuladı.
Səməd Seyidov diqqətə çatdırdı ki, ölkəmizə qarşı təbliğat aparan qüvvələr İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun işinə də ləkə yaxmağa, fəaliyyətini dayandırmağa çalışırdılar. Amma bu, mümkün olan məsələ deyil. Çünki insan haqları qlobal problemdir və bu proses istər inkişaf etməkdə olan ölkələrdə, istərsə də özünü demokratiyanın beşiyi sayan inkişaf etmiş ölkələrdə daim nəzarətdə olmalıdır. Həmçinin bu məsələdə bütün dövlətlərə eyni meyarla yanaşılmalı, ayrı-seçkilik qoyulmamalı, bu ali dəyərdən sui-istifadə edilməməlidir.
Sonra iclasda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, “Vətəndaşların Əmək Hüquqları Liqası”nın sədri Sahib Məmmədov çıxış etdilər. Ölkəmizdə insan haqlarına, qanunun aliliyinə və demokratiyanın inkişafına mühüm əhəmiyyət verildiyini vurğuladılar. İşçi Qrupun bu sahədə çox səmərəli fəaliyyət göstərdiyini, qəbul etdiyi obyektiv qərarlara həssaslıqla yanaşıldığını qeyd etdilər. Bildirildi ki, İşçi Qrup ancaq iclas keçirməklə məşğul olmur, əsas işini iclaslararası dövrdə görür.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun bugünkü iclasında təşkilati məsələyə baxıldı. Milli Məclisin deputatı və AŞPA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynov qrupun üzvlüyünə daxil edildi.
İclasda gündəlikdə duran məsələlərlə əlaqədar geniş müzakirə aparıldı. QHT-lərin nümayəndələri, müvafiq qurumların təmsilçiləri fikirlərini açıqladılar.
Milli Məclisin
Mətbuat xidməti