TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
06 iyun 2016 | 04:06   
Paylaşın:        

İyunun 6-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirildi. İclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, digər komitələrdən olan millət vəkilləri iştirak edirdilər.
 Milli Məclis Sədrinin müavini, komitə sədri Valeh Ələsgərov bildirdi ki, gündəliyə “Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zenit Aran Oil Company Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi haqqında məsələ daxil edilib.
Sonra Valeh Ələsgərov Saziş barədə geniş məlumat verdi. Bildirildi ki, ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, 2016-cı il martın 16-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ), Zenit Aran Oil Kompani Limited (Zenit) və SOCAR-ın Ortaq Neft Şirkəti (ONŞ) arasında Saziş bağlanıb. Sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə dövlətin mənafelərini təmsil etmək səlahiyyəti verilir.  Podratçı tərəflərin iştirak payları ONŞ üçün 20 %, Zenit üçün 80 %   təsbit edilir. Sazişin məqsədləri baxımından Kontrakt sahəsi şərti olaraq Kontrakt bərpa və Kontrakt kəşfiyyat sahəsinə bölünür.
Qeyd edildi ki, podratçı tərəflər Kontrakt sahəsində karbohidrogenlərin kəşfiyyatı, qiymətləndirilıməsi və işlənməsi üçün lazım olan maliyyə vəsaitini təmin etmək öhdəliyini öz üzərinə götürürlər. Sazişin qüvvəyəminmə tarixindən sonrakı 150 gün ərzində podratçı blokun bərpası və hasilatı planının layihəsini hazırlayıb SOCAR-ın təsdiqinə təqdim etməlidir. Bərpa və hasilat proqramı alındıqdan sonra 60 gün ərzində  SOCAR yazılı şəkildə Podratçıdan bu Proqrama hər hansı dəyişikliklərin edilməsini tələb etmirsə, proqram təsdiq olunmuş sayılır. Kontrakt bərpa sahəsi üçün işlənmə və hasilat dövrü bərpa və hasilat proqramının təsdiqi tarixindən başlayır və 25 il ərzində davam edir. Neft-qaz əməliyyatlarının aparılması üçün iş yerlərinin Azərbaycan vətəndaşları ilə komplektləşdirilməsi sazişin qüvvəyəminmə tarixindən mühəndis-texniki işçilər üzrə 70 %, fəhlə heyəti üzrə 90 %, 5 il keçdikdən sonra isə müvafiq olaraq  90 və 95 % göstərilir. Podratçı bu sahədə Azərbaycan vətəndaşlarına peşə öyrədilməsini təmin etməlidir.
Sənəddə, həmçinin, torpaqdan və obyektlərdən istifadə, podratçının neft-qaz əməliyyatları məsrəflərinin ödənilməsi və hasilatın bölüşdürülməsi, vergi qoyulması, karbohidrogenlərin dəyərinin müəyyən edilməsi, əmlaka sahiblik və ondan istifadə, mühasibat uçotunun aparılması, ətraf mühitin mühafizəsi və təhlükəsizlik, idxal, ixrac məsələləri ilə bağlı müddəalar öz  əksini tapıb.
Müzakirələr zamanı komitə sədrləri Eldar İbrahimov, Səməd Seyidov,  deputatlar Mirkazım Kazımov, Çingiz Qənizadə, Bəxtiyar Əliyev, Elman Nəsirov, Zahid Oruc, Asim Mollazadə, Hikmət Məmmədov, Kamran Nəbizadə saziş barədə öz fikirlərini söylədilər. Bildirildi ki, sənəd ölkə iqtisadiyyatının inkişafına xidmət edəcək, eyni zamanda, Azərbaycan vətəndaşlarının maraqlarının təmin edilməsi  baxımından böyük əhəmiyyətə malikdir.
Tədbirdə komitə sədri Valeh Ələsgərov və ARDNŞ prezidenti Rövnəq Abdullayev millət vəkillərinin səsləndirdikləri sualları ətraflı cavablandırdılar.
İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU