KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

Komitə iclasları
07 iyun 2016 | 06:06   
Paylaşın:        

İyunun 7-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Elm və təhsil komitəsi ilə birgə keçirdikləri iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” məsələyə baxıldı. Qanun layihəsini Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim etdi.
I vitse-spiker deputatlara məlumat verdi ki, hərbi xidmətə çağırışdan möhlət hüququ  indiyədək ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi. Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq. Həmçinin xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək  çağırışdan möhlət hüququ veriləcək. 
Sonra Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qanun layihəsinə dair fikirlərini bölüşdü. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda bu mütərəqqi dəyişikliyə görə ölkənin elmi ictimaiyyəti və təhsil ictimaiyyəti adından Azərbaycan Prezidentinə minnətdarlıq bildirən komitə sədri qeyd etdi ki, magistr və doktorantlara çağırışdan möhlət hüququnun verilməsi təhsilin fasiləsizliyini təmin edəcək, gənclərin elmə gəlişinə təkan verəcək.
Hər iki komitədən deputatlar rəylərini bildirdikdən sonra “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Birgə iclas yekunlaşdıqdan sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi işini davam etdirdi. Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişi təqdim etdi və bu sənədin Azərbaycanın dövlət maraqlarına uyğun olduğunu vurğuladı.
Gündəlikdəki digər məsələlərin şərhi zamanı bildirildi ki, “Hərbi qulluqçuların statusu haqqında” qanuna edilən texniki xarakterli dəyişiklik vətəndaşların hüquq və mənafelərinin qorunması baxımından çox vacibdir.  “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlara təklif olunan dəyişikliklər isə qanunvericiliyin uyğunlaşdırılması məqsədini daşıyır.
Yekunda qərara alındı ki, komitədə baxılan bütün məsələlər Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim olunsun.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU