SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
09 iyun 2016 | 05:06   
Paylaşın:        

İyunun 7-də Milli Məclisin Səhiyyə  komitəsinin  iclası  keçirildi.  İclası  açan komitə  sədri Əhliman Əmiraslanov əvvəlcə gündəlikdəki “Dərman  vasitələri  haqqında” qanunda  edilən dəyişikliklərlə  bağlı  fikirlərini  bildirdi. O, vurğuladı  ki, ölkəmizdə son vaxtlar  dərman  vasitələrinin  keyfiyyətinin artırılması,  qiymətlərinin  tənzimlənməsi,  dərman idxalı  sahəsində mövcud olan problemlərin  aradan  qaldırılması  sahəsində xeyli iş görülmüşdür. Əvvəllər dərman bazarında pərakəndəlik hökm sürürdü. Eyniadlı dərman vasitələri hər aptekdə fərqli qiymətə satılırdı. Amma son vaxtlar bu sahədə aparılan təkmilləşdirmə işləri və islahatlar bu preparatların qiymətlərini nəzərə çarpacaq dərəcədə nizama  salıb.
Ölkə  başçısı  İlham Əliyevin  xüsusi  tapşırığı ilə Tarif  Şurası  900  adda dərman preparatının qiymətini  stabil şəkildə  tənzimləyib. Bu baxımdan “Dərman vasitələri haqqında” qanuna müəyyən dəyişikliklərin edilməsi zəruriləşib. Təklif  olunan  dəyişikliklər  təsdiq  olunan qiymətlərə  nəzarəti  təmin etmək  və bu sahədə  məsuliyyəti  gücləndirmək məqsədi daşıyır.
Komitə  sədri eyni məqsədlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişikliklər təklif edildiyini  bildirdi.  Məcəlləyə təklif olunan dəyişikliklərə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və idxalı  həyata keçirilərsə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcəklər.
Müzakirələr zamanı millət  vəkilləri Musa  Quliyev, Kəmaləddin Qafarov, Qənirə  Paşayeva, Məlahət  İbrahimqızı, İlham Məmmədov, Sədaqət  Vəliyeva, Kamilə Əliyeva  hər  iki  sənədlə  bağlı yeni təkliflərini  səsləndirdilər. Tarif Şurasının, Səhiyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələri komitə üzvlərini maraqlandıran  sualları cavablandırdılar.
Sonda hər iki qanun layihəsi müəyyən boşluqların aradan qaldırılması şərtilə Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU