KOMİTƏDƏ TURİZMİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNDU

Tədbirlər
10 iyun 2016 | 07:06   
Paylaşın:        

İyunun 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsində Amerika-Azərbaycan Ticarət Palatasının nümayəndələri ilə birgə turizm mövzusuna həsr olunmuş tədbir keçirildi.
Komitənin sədri Hadi Rəcəbli məlumat verdi ki, 8 fəsil, 93 maddədən ibarət “Turizm haqqında” qanun layihəsi parlamentdə müzakirə olunduqdan sonra sənəd üzərində ciddi dəyişikliklər aparılıb və təkmilləşmiş variant müvafiq qurumlara göndərilib. Hazırkı tədbir Amerika-Azərbaycan Ticarət Palatasının təklifinə əsasən keçirilir. Müzakirədən məqsəd ölkədə turizmin inkişafına və bu sahənin qanunvericilik bazasının təkmilləşməsinə səmərə verə biləcək fikir mübadiləsinin aparılması, dünya təcrübəsinin nəzərdən keçirilməsidir. 
Sonra tədbirdə iştirak edən Amerika-Azərbaycan Ticarət Palatasının təmsilçiləri, bir sıra otellərin baş menecerləri, bəzi turizm şirkətlərinin rəhbərləri çıxış etdilər. Azərbaycanda turizmin inkişafı üçün böyük potensial olduğu, dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət yetirildiyi, son illər həyata keçirilən infrastruktur layihələrinin və ölkədə sürətlə gedən abadlıq-quruculuq işlərinin turizm sənayesi üçün əlverilşli şərait yaratdığı, sadələşdirilmiş viza rejiminə keçid müsbət amillər kimi sadalandı. Təkliflər səsləndi. Qonaqlar “Turizm haqqında” qanun layihəsinin müzakirəsinə cəlb olunduqları üçün Azərbaycan parlamentinə minnətdarlıq etdilər.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi təmsil etdiyi qurumun “Turizm haqqında” qanun layihəsi barədə rəyini  açıqladı.
Fikir mübadiləsində dünya təcrübəsindən misallar gətirildi. Vurğulandı ki, turizmin  inkişafı hər bir ölkənin iqtisadi dirçəlişinə, eyni zamanda əhalinin məşğulluğunun təmin olunmasına şərait yaradan sahədir. Azərbaycanda daxili və xarici turizmlə məşğul olan qurumların qanunverici orqanla əməkdaşlığı ümumi işin inkişafına əsaslı təkan verə bilər.

 

Milli Məclisin
Mətbuat xidməti 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU