MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI BAŞLANDI
İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyası Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlandı. İclasa Spiker Oqtay Əsədov sədrlik edirdi. 28 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra müzakirələr başlandı.
“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, ikinci oxunuş zamanı parlamentdə səsləndirilən irad və təkliflər işçi qrup tərəfindən diqqətlə araşdırılıb, nəzərə alınıb. Bu qanunun tətbiqi, ölkədə torpaq sahiblərinin könüllü birliyinin yaradılması aqrar bölmədə islahatların yeni mərhələsinə təkan verəcək.
Parlament qanunu üçüncü oxunuşda qəbul etdi.
Sonra Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Elm haqqında” qanun layihəsi üzərində aparılmış iş barədə ətraflı məlumat verdi. Deputatların öncəki müzakirələrdə çox dəyərli təkliflər səsləndirdiyini, nəticədə ikinci oxunuşdan sonra sənədin daha da təkmilləşdiyini vurğuladı. Qeyd etdi ki, müasir dövrün tələblərinin də nəzərə alındığı bu qanun ölkəmizdə elmin inkişafında mühüm rol oynayacaq, dövlətçiliyə və tərəqqiyə xidmət edəcək.
Deputatlar “Elm haqqında” qanuna üçüncü oxunuşda yekdilliklə səs verdilər.
İclasda İranla əməkdaşlığa dair beş sazişin təsdiqinə baxıldı. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş və ölkələrimiz arasında elektrik enerjisi satışına dair Çərçivə Sazişi barədə məlumat verdi.
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişi təqdim etdi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanla İran hökumətləri arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında Sazişi və iki ölkənin dəmir yollarının əlaqələndirilməsinə dair Çərçivə Sazişini şərh etdi.
Parlamentdə sənədlərin təqdimatı zamanı bildirildi ki, bu sazişlərin beşi də Azərbaycanın dövlət maraqlarına uyğundur, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrini genişləndirəcək, münasibətlərin inkişafına xidmət edəcək.
Müzakirə zamanı deputatlar sənədlərin əhəmiyyətini yüksək dəyərləndirdilər, rəy və təkliflərini diqqətə çatdırdılar. Milli Məclis sazişlərin beşini də ratifikasiya etdi.
İclasda “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I∕10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumu təsdiq olundu.
Vitse-spiker Valeh Ələsgərov 8 maddədən ibarət “Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zenit Aran Oil Company Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsini ətraflı şərh etdi. Deputatlar sənədə müsbət münasibət bildirdilər.
Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişikliklər edilməsi barədə məsələni şərh edən I vitse-spiker Ziyafət Əsgərov məlumat verdi ki, hərbi xidmətə çağırışdan möhlət hüququ indiyədək ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi. Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq. Həmçinin xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək.
Fikir mübadiləsində deputatlar “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda bu mütərəqqi dəyişikliyə görə Azərbaycan Prezidentinə minnətdarlıq bildirdilər. Qanun layihəsi parlamentdə qəbul olundu.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin şərhi dinlənildikdən sonra Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurunun sadələşdirilməsi, elektron viza sisteminin yaradılması məqsədi ilə Miqrasiya Məcəlləsində edilən dəyişiklik səsvermə yolu ilə qəbul edildi.
Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” məsələni təqdim etdi. Bildirdi ki, bu qanunun tətbiqi ilə əlaqədar “Ətraf mühitə dair informasiya almaq haqqında” qanunun 2-ci maddəsində, “İnformasiya əldə etmək haqqında” qanunun 4.2.3-cü maddəsində, “İctimai iştirakçılıq haqqında” qanunun 11.2-ci maddəsində “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanuna istinad əvəzinə yeni qəbul edilmiş "Vətəndaşların müraciətləri haqqında” qanuna istinad edilir. Səsvermə zamanı qanun layihəsi dəstəkləndi.
“Vətəndaşların müraciətləri haqqında” 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi ilə əlaqədar olaraq Milli Məclis qanunvericiliyin uyğunlaşdırılması məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə 594-1-ci maddənin əlavə olunmasına, “Hərbi qulluqçuların statusu haqqında” və “Prokurorluq haqqında” qanunlara redaktə xarakterli dəyişikliklər edilməsinə razılıq verdi.
Parlamentə bir zərfdə daxil olmuş beş qanun layihəsini şərh edən Eldar İbrahimov bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 449-cu maddəsinin tələblərindən irəli gələrək ekoloji təmiz kənd təsərrüfatı, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, toxumçuluq, çayçılıq, taxıl haqqında qanunlarda dəyişiklik edilməsi zərurəti meydana gəlib. Səsvermə zamanı deputatlar qanunvericiliyin uyğunlaşdırılması baxımından həmin dəyişiklikləri məqbul saydılar.
İclasda qeyd olundu ki, “Fitosanitar nəzarəti haqqında” qanunda edilən dəyişikliklər bu qanunun “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, habelə “Normativ hüquqi aktlar haqqında” qanuna uyğunlaşdırılması məqsədi daşıyır. Sənəd səsə qoyuldu və qanun qəbul edildi.
Deputatlara məlumat verildi ki, əcnəbilərin turizm məqsədilə Azərbaycana gəlməsini asanlaşdırmaq, ölkəmizin ərazisini tranzit daşımaları üçün əlverişli etmək və xarici ölkə vətəndaşlarının tranzit nöqtəsi kimi Azərbaycanı seçməkdə marağını gücləndirmək üçün “Dövlət rüsumu haqqında” qanunun 16.1.6-cı maddəsində nəzərdə tutulan rüsum dərəcəsi 50 ABŞ dollarından 20 ABŞ dollarına endirilir.
Qanun layihəsi səsə qoyuldu və qəbul edildi.
Sonra Ziyad Səmədzadə bildirdi ki, Vergi Məcəlləsinə edilən dəyişiklik vergi orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və maddi həvəsləndirilməsi üçündür. Belə ki, məcəllənin 22.2-ci maddəsində aparılan dəyişikliyə görə, vergi orqanlarının büdcədənkənar fondu bu orqanlar tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına formalaşacaq. İndiyədək həmin məbləğ 25 faiz nəzərdə tutulurdu. Fikir mübadiləsi aparıldı və qanun layihəsi qəbul edildi.
Parlament qanunvericiliyin uyğunlaşdırılması baxımından Mülki Prosessual Məcəllənin 305 və 306-cı maddələrində dəyişikliklər edilməsini məqsədəuyğun saydı.
Deputatlar beynəlxalq təcrübəyə istinadən hüquq-mühafizə orqanları işçilərinin nizam-intizam tədbirlərini gücləndirmək məqsədilə “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda prokurorluq işçisinin məsuliyyətinə və intizam məsuliyyətinin növlərinə dair maddələrə təklif olunan dəyişiklikləri qəbul etdilər.
Gündəlikdəki növbəti qanun layihələrini təqdim edən Əli Hüseynli bildirdi ki, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara təklif olunan dəyişikliklər notariat kontorları olmayan inzibati ərazi vahidlərində rast gəlinən çətinliyi aradan qaldırmağa və vətəndaşlara lazımi şəraitin yaradılmasına xidmət edəcək. Layihəyə görə, vətəndaşlar sahəsi beş hektardan çox olmayan və xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ilədək icarəyə və ya istifadəyə verilməsinə dair müqaviləni, habelə həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnaməni yerlərdəki müvafiq icra hakimiyyəti orqanlarında təsdiqlətdirə biləcəklər.
İclasda hər iki qanun layihəsinə müsbət münasibət bildirildi.
Fikir plüralizmi şəraitində keçən müzakirələrdə komitə sədrləri İsa Həbibbəyli, Siyavuş Novruzov, Əli Hüseynli və Fuad Muradov, deputatlar Tahir Kərimli, Astan Şahverdiyev, Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fəzail Ağamalı, Elman Nəsirov, Qənirə Paşayeva, Sahib Alıyev, Çingiz Qənizadə, Vüsal Hüseynov, Sədaqət Vəliyeva, Əli Məsimli, Aqil Abbas, Araz Əlizadə gündəlikdəki məsələlərə dair rəy və təkliflərini bildirdilər.
Milli Məclisin növbədənkənar sessiyasının birinci iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti